İrəvan və Kiyevdə diqqətçəkən proses: Paşinyan və Zelenskidən “təmizləmə” əməliyyatı

Rusiya ilə münasibətləri gərginləşən Ermənistan artıq bir müddətdir ki, Ukrayna ilə müqayisə edilir. Həmçinin Nikol Paşinyanın qərarları da Volodimir Zelenskinin addımları ilə qarşılaşdırılır. Son dönəmlərdə Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnını, Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilovu, müşaviri Sergey Şefiri vəzifədən azad etməsi diqqət çəkib. Hətta Danilov və Zalujnının xarici ölkələrə səfir təyin ediləcəyi də iddia olunur.

Paralel olaraq Nikol Paşinyan Ermənistan ordusu, İqtisadiyyat Nazirliyi, Baş nazir ofisi daxil olmaqla bir çox dövlət qurumlarında işdən azadetmə və yeni təyinatların həyata keçirilməsi ilə bağlı qərarlar imzalayıb. Bu, Nikol Paşinyanın rusmeyilli siyasətçiləri, Kremlə yaxın adamları İrəvan hökumətindən “təmizləmə” prosesi kimi dəyərləndirilir.

Belə bir vəziyyətdə Ermənistan üçün səsləndirilən “Ukrayna ssenarisi” iddiası reallaşa bilərmi? Doğurdanmı, Moskva Paşinyanı “ikinci Zelenski” olaraq görür? Hakimiyyətdə aparılan “təmizlik” Ermənistanı Rusiyanın qəzəbindən xilas edə biləcəkmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Azərbaycan üçün ən optimal variant Ermənistanın Ukraynanın taleyini yaşaması ola bilər.

“Belə olan halda Bakı öz məqsədlərinə çatmaq üçün bundan maksimum yararlanacaq. Nikol Paşinyan hazırda öz iqtidarını gücləndirmək üçün ətrafına etibarlı adamlar toplamağa çalışır. Etibar etmədiyi insanları isə vəzifələrdən və özündən uzaqlaşdırır. Bu, Paşinyanın hökumət başçısı kimi təməl haqqıdır. Lakin hökumət komandasında sırf rusyönümlülər uzaqlaşdırılır və baş nazirin ətrafına qərbyönümlü şəxslər gətirilirsə, bunun Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcəyi qaçılmazdır. Sözügedən kadr dəyişikliyinin ordu və polis tərkibində, digər xüsusi xidmət orqanlarında davam etdirilməsi Moskva və İrəvan arasında ciddi problemlərin yaşanmasına yol aça bilər. Nəticədə Paşinyanın Cənubi Qafqazda Volodimir Zelenskinin rolunu oynamağa sövq edilməsi mümkündür”.

“Bu ssenari bizim üçün ən uyğun variantdır. Lakin Ermənistanın baş naziri bütün bunları nəzərə alıb elə sərt addımlar atacaqmı? Orası sual doğurur. Rusiya Ermənistanda elə dərin köklər salıb ki, ondan birdən-birə qurtulmaq mümkün deyil. Lakin İrəvanın son atdığı addımlar vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq. Bakı sadəcə prosesləri izləyib bütün ehtimallara hazır olmalıdır. Beləliklə Azərbaycan Ermənistanın düşdüyü vəziyyətdən öz məqsədlərinə çatmaq üçün istifadə edə bilər”, – politoloq bildirib.

Ayşən Mustafa
Globalinfo.az