İrəvan və Bakı üç əsas prinsiplə bağlı razılığa gəlməyib – Xandanyan

“İrəvan və Bakı hələlik sülh müqaviləsinin üç əsas prinsipi ilə bağlı razılığa gəlməyib”.

Globalinfo.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Sarkis Xandanyan deyib.

O bildirib ki, şifahi razılaşmalara baxmayaraq, İrəvan və Bakı sülh müqaviləsinin üç əsas prinsipini kağız üzərində necə əks etdirməklə bağlı razılığa gəlməyib.

“Əgər bu üç prinsip kağız üzərində bizim təsəvvür etdiyimiz formada qeyd olunsa, təkcə hüquqi və texnika məsələlərin həlli qalacaq. Bu prinsiplərə Almatı bəyannaməsi əsasında dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması, eyni zamanda demarkasiya prosesinin bəyannaməyə uyğun formada həll olunması, kommunikasiyaların ölkələrin bərabərliyinin tanınması fonunda açılması daxildir”.

Erməni deputatın sözlərinə görə, hazırda əlavə işlərin görülməsinə və yeni görüşlərin keçirilməsinə ehtiyac var.

Xatırladaq ki, ötən həftə Almaniyada Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqlar baş tutub. Lakin tərəflər irəliləyişin olub-olmaması ilə bağlı heç bir açıqlama verməyib. İrəvan müzakirələrin davam etdirilməsi ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az