“İrəvan görür ki, onun başqa yolu yoxdur…” – “DQR”in ləğvi Paşinyana nə vəd edir?

Separatçı-xunta rejimin “rəhbəri” Samvel Şahramanyanın keçən il sentyabrın 28-də imzaladığı “fərman”a əsasən 2024-cü il yanvarın 1-dən “Dağlıq Qarabağ Respublikası” öz fəaliyyətini dayandırıb. Dünya tərəfindən tanınmayan və qəbul edilməyən separatçı rejimin ləğvi Ermənistanda birmənalı qarşılanmasa da, bunun Paşinyan hökuməti üçün müsbət istiqamətlərə yol açacağı dəqiqdir. Hər halda bir çox siyasi analitiklər belə düşünürlər. Azərbaycan üçünsə, bu qondarma rejimin ləğv edilib-edilməməsi heç bir önəm daşımır. Rəsmi Bakı heç zaman separatçıları tanımayıb və qəbul etməyib.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, qondarma rejimin ləğvi Azərbaycan üçün prioritet təşkil etməyib:

“Çünki nəinki Azərbaycan, dünyanın digər dövləti, hətta Ermənistan belə bir rejimi tanımayıb. O, separatçı rejim idi və terrorçuluq fəaliyyəti ilə məşğul olurdu. Eyni zamanda bu rejim ərazilərimizi qanunsuz şəkildə zəbt etməyə cəhd göstərib. Amma Şahramanyanın qondarma rejimi ləğv edib-etməməsindən asılı olmayaraq ora bizim ərazimizdir. Bu torpaqlar beynəlxalq hüquq tərəfindən Azərbaycan ərazisi kimi tanınıb. Düşünürəm ki, Azərbaycan dövləti məsələni tam şəkildə 19 sentyabr 2023-cü il tarixində həll edib”.

Samir Hümbətov: Ermənistanda siyasi vəziyyətin ağırlaşması kim və nə üçün  lazımdır? - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

Politoloqun sözlərinə görə, qondarma rejimin ləğvi Ermənistan üçün faydalı ola bilər:

“İrəvan görür ki, onun başqa yolu yoxdur, Azərbaycanla danışıqlara getməlidir və rəsmi Bakının şərtlərini qəbul etməlidir. Üstəlik, rəsmi İrəvan bölgədə Ermənistan dövlətinin varlığını qorumaq istəyirsə, o zaman Azərbaycanın tələblərini yerinə yetirməlidir. Mövcud Paşinyan hökuməti Şahramanyanı yaxına buraxmasa, qondarma separatçı rejimin İrəvanda oturub “fəaliyyət” göstərməsinə imkan verməsə, bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına müsbət təsir göstərəcək. Əks halda, Ermənistan terroru dəstəkləyən dövlət imicini qoruyub saxlayacaq”.

Əliyar Xəlil

Globalinfo.az