iraq

İraqda fəaliyyət göstərən və “İraq İslam Müqaviməti” tərkibinə daxil olan şiə silahlı qruplaşmaları ABŞ və Səudiyyə Ərəbistanının “Əl-Həşd əş-Şaabi” (Xalq Səfərbərlik Qüvvələri) obyektlərinə endirdiyi zərbələrlə bağlı hökumətə mövqe bildirmək üçün avqustun 6-dək  vaxt verib. Qruplaşmalar bəyan ediblər ki, bu müddət ərzində rəsmi Bağdad tədbir görməsə, cavab addımlarını özləri atacaqlar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb:

“Hökumət qurumlarına səfər ayının 23-dək vaxt veririk. Onların hansı addım atacağını görəcəyik”

Bəyanata əsasən, bu müddətin müəyyənləşdirilməsi şiələrin Ərbəin ziyarətinin keçirilməsi və zəvvarların təhlükəsizliyi ilə bağlı narahatlıqla əlaqədardır.

Qruplaşmalar həmçinin vurğulayıblar ki, ABŞ-a cavab zərbəsi qaçılmazdır və zərurət yaranarsa, bu, Vaşinqtonun Səudiyyə Ərəbistanındakı müttəfiqlərini də əhatə edə bilər.
Bundan əvvəl İraq Milli Təhlükəsizlik Şurası fövqəladə iclasın yekununda ölkənin təhlükəsizliyinin təmin edilməsi, suverenliyinin pozulmasının qarşısının alınması məqsədilə kompleks plan hazırlanmasına qərar verib. Şura Xarici İşlər Nazirliyinə ABŞ və Səudiyyə Ərəbistanının İraq ərazisinə endirdiyi zərbələrin nəticələrini sənədləşdirməyi tapşırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: