İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Estoniya Milli Yayım Korporasiyası məlumat yayıb.

Bildirilib ki, buna səbəb “MSC Aries” kommersiya gəmisinin İran hakimiyyəti tərəfindən saxlanılması səbəb olub.

Nazir Marqus Tsahkna bildirib ki, Xarici İşlər Nazirliyi “MSC Aries” gəmisinin ələ keçirilməsini pisləyib və ekipaj üzvlərinin, o cümlədən Estoniya sakininin dərhal azad edilməsini tələb edib.

“Dünyada, xüsusilə Yaxın Şərqdə artan gərginlik dənizçilərin işlərini getdikcə daha təhlükəli edir. Yük gəmilərinin hədəfə alınması qəbuledilməzdir. İran qlobal sülh və təhlükəsizliyə təhdiddir, ona görə də İrana qarşı əlavə sanksiyalar məqsədəuyğundur”, – nazir vurğulayıb.

Xarici İşlər Nazirliyi ilə yanaşı, Estoniyanın Tehrandakı fəxri konsulu da vətəndaşlığı müəyyən edilməmiş Estoniya sakininin azad edilməsi üçün danışıqlar aparır.