1773037310 1

Nazirlər Kabineti Azərbaycanİran arasında yükdaşımanın bərpa olunduğuna dair məlumat yayıb.

Məlumata əsasən, dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) bu gün saat 10:00-dan etibarən bərpa edilib. Bundan əvvəl Naxçıvana hücum səbəbilə yaranan təhlükəli vəziyyət nəzərə alınmaqla yükdaşımanın dayandırılmasına qərar verilmişdi.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Azərbaycan ilə İran arasında yükdaşımaların bərpa olunması, ilk növbədə regionda iqtisadi və logistika əlaqələrinin sabitləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilə bilər:

“Son günlər regionda artan siyasi və hərbi gərginlik fonunda sərhəd-keçid rejiminin məhdudlaşdırılması ticarət dövriyyəsinə və tranzit daşımalarına müəyyən təsir göstərmişdi. Yük daşımalarının yenidən açılması isə tərəflərin iqtisadi əlaqələrin tam dayanmasının qarşısını almağa çalıdığı və xüsusilə tranzit marşrutlarının işlək qalmasına maraq göstərildiyi mənasına gəlir. Bu qərar həm də İran üzərindən və İran istiqamətində həyata keçirilən regional ticarət zəncirinin qırılmaması baxımından əhəmiyyətlidir.

zuriye qarayeva 900x600 1
Züriyə Qarayeva

Digər tərəfdən, yükdaşımaların bərpası siyasi gərginliyin tam aradan qalxdığı anlamına gəlmir, daha çox praktik və iqtisadi zərurətdən irəli gələn addım kimi görünür. Azərbaycan üçün İran istiqaməti müəyyən məhsulların ticarəti və region ölkələri ilə əlaqələr baxımından mühüm logistika xəttidir, İran üçün isə Azərbaycan, Şimal–Cənub nəqliyyat dəhlizinin əsas hissələrindən biridir. Buna görə də tərəflər siyasi münasibətlərdəki gərginliyə baxmayaraq, iqtisadi və tranzit əlaqələri minimum səviyyədə də olsa, davam etdirməyə çalışırlar. Bu addım yaxın dövrdə regionda tam eskalasiyanın qarşısının alınması üçün müəyyən dərəcədə praqmatik siqnal kimi də şərh oluna bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: