ABŞ və İran arasında mühüm razılaşmanın gələn həftənin sonuna qədər əldə olunacağı gözlənilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ Prezidenti Donald Tramp administrasiyasındakı yüksəkvəzifəli rəsmiyə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton və Tehran arasında aparılan danışıqlar yekun mərhələyə yaxınlaşır.
“Razılaşma olacaq. Prezidentin tələb etdiyi şərtlərin yerinə yetirilməsini gözləyirik. Amma bu razılaşma bir həftə də çəkə bilər, daha az da, daha çox da. Ümid edirik ki, gələn həftənin sonuna qədər hansısa nəticə əldə olunacaq”, – deyə rəsmi bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında paylaşım edərək İranın heç vaxt nüvə silahına sahib olmamalı olduğunu vurğulamışdı.
“İran razılaşmalıdır ki, onun heç vaxt nüvə silahı və ya atom bombası olmayacaq”, – deyə Ağ Ev rəhbəri qeyd etmişdi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə ABŞ ilə mesaj mübadiləsinin davam etdiyini təsdiqləmişdi.
Bununla yanaşı, o bildirmişdi ki, tərəflər arasında yekun razılaşma hələ əldə olunmayıb.
Qeyd edək ki, son aylarda ABŞ və İran arasında nüvə proqramı və regional təhlükəsizlik məsələləri ilə bağlı intensiv danışıqlar aparılır.
Tərəflərin yaxın günlərdə ortaq məxrəcə gələcəyi ehtimal olunur.
Əliyar Xəlil
Globalinfo.az