“Mütəxəssislər Məclisinə seçki 8 ildən bir keçirilir, 88 nəfər ruhani ümumxalq səsverməsi yolu ilə seçilir”.
Bu sözləri Globalinfo.az-a politoloq Kənan Rövşənoğlu İranda keçirilən parlament seçkilərini şərh edərkən deyib.
Onun sözlərinə görə, seçkilərə 144 namizəd buraxıldı, bir çox iddialı namizəd, o cümlədən, keçmiş prezident Həsən Ruhani qeydiyyata alınmadı:
“Namizədliyi qeydə alınan ruhanilərin çoxu mühafizəkar qanada mənsubdur. Xübreqan Məclisinin əsas fəaliyyəti dini lideri seçmək, onun fəaliyyətinə nəzarət və ehtiyac olarsa impiçmentini həyata keçirməkdir.
İnsanın ömrünü proqnoz etmək olmaz, amma növbəti dini liderin bu dəfə seçilmiş Xubreqan tərəfindən müəyyən olunması ehtimalı var. O ki qaldı dini liderin xələfinin kimliyinə, bu mövzu artıq İran mediasında da az-az hallanmağa başlayıb. Ancaq Xubreqan üzvlərinin bildirdiyinə görə dini lider bioloji varislərinin adının namizədlər sırasında hallanmasını qadağa qoyub. Yəni artıq illər əvvəl dini lider oğlunun namizədliyi mövzusu üzərindən xətt çəkib. Ancaq o da məlumdur ki, hazırda Xubreqanin əlaqədar komissiyası növbəti dini liderliyə potensial namizədlərin siyahısı üzərində işləyir.
Fikrimcə, növbəti dini lider İranda həm xalq, həm də dini, siyasi və hərbi elitanin qəbul etdiyi, birləşdirici şəxs seçiləcək. Hazırda potensial namizədlərin olmadığını demək sadəlövhlük olardı. Amma hələlik buna ehtiyac olmadığı üçün ad açıqlanmır”.
Turan Rzayev
Globalinfo.az