Fazil Mustafaya bu qüvvələr hücum ediblər – Deputat

“Təkcə mən yox, hər bir insan belə alçaq və xain əməlin qurbanı ola bilər. Əminəm ki, dövlətimizin müvafiq orqanları sürətlə çalışır, agentura şəbəkələrinin aşkar edilməsi, üzvlərinin həbs olunması istiqamətində gərgin işlər gedir. Dövlətimizin gücünə, peşəkarlığına inanıram. Ona görə də bunu təhlükə kimi düşünmürəm. Öz fəaliyyətimi daha sürətlə davam etdirirəm və etdirəcəyəm də!”

Bu sözləri Globalinfo.az-a danışan millət vəkili Vüqar İskəndərov deyib.

Zaman-zaman xarici dövlətlərin Azərbaycana qarşı siyasətinə sərt mövqe bildirən deputat nəinki özünün, heç kimin terrordan sığortalanmadığını qeyd edib:

Vüqar İskəndərov

Millət vəkili deyib ki, terror aktını törədənlər Azərbaycanı qısqanan tərəflərdir:

“Son zamanlar, əsasən də 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra bəzi qüvvələr ölkəmizə qarşı düşməncə siyasət yürütməyə başladılar. Biz gördüklərimizə göz yuma bilmərik. Mən ölkəmizi gözü götürməyən hər bir ölkə ilə mübarizə aparıram. Çünki bu dövlətin oğluyam və ölkəmi canımdan artıq sevirəm!”

V.İskəndərov dünən F.Mustafaya qarşı törədilən hadisənin terror olduğunu bildirib:

“Fakt olaraq dünənki hadisə terrordur. Bu, təkcə Azərbaycan Parlamentinə yox, həm də Azərbaycan dövlətinə uzanan xain əldir və o əllərin kəsilməsi üçün Prezidentimizin qətiyyəti, uğurlu siyasəti, xalqımızın isə birliyi var. Gücümüz də məhz birliyimizdədir! Düşünürəm ki, terror hadisəsi dəqiq araşdırılmalı və bunu törədənlər ən ağır cəzaya məhkum edilməlidirlər”.

Zaira Akifqızı
Globalinfo.az