İranın gələcək “Azərbaycan planı”: “Tehran iki istiqamətdə addım ata bilər”

“İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinə İranın “səssiz reaksiyası” maraqlıdır. Halbuki Tehran Azərbaycanın İsraildə səfirlik açmasını süngü ilə qarşılamış, İsrail xarici işlər naziri Eli Kohenin Ceyhun Bayramovla görüşdə səsləndirdiyi fikirləri “Bakı və Təl-Əviv İrana qarşı birləşib” kontekstində şərh etmişdilər”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı Tehranla Bakı arasındakı mövcud münasibətlər fonunda İsrail Prezidentinin Azərbaycana səfərini dəyərləndirərkən deyib.

Politoloq Tehran rejiminin məsələyə səssiz qalmasının diqqət çəkdiyini bildirib:

“Hersoqun Bakıda dedikləri, İsrail və Azərbaycanın bu ölkənin hədəfində olduğuna dair fikirləri Tehranın aqressiyası üçün yetərli idi. Sadəcə, İran XİN-in sözçüsü Nasser Kanaani İsrail prezidentinin Bakıya səfərinə “sionist rejiminin gələcəyi yoxdur” kimi ümumi fikirlərlə münasibət bildirdi və yenə Azərbaycana qarşı ittiham irəli sürülməməsi diqqət çəkdi. Bunun səbəbini Bakı-Tehran xəttində “diplomatik atəşkəsin” elan edilməsində görmək mümkündür. Hərçənd, Hersoqun səfərindən sonra İranın aqressivləşməcəyinə də zəmanət yoxdur”.

A.Nərimanlı qeyd edib ki, İranın sözügedən məsələyə yanaşması müxtəlif sualların yaranmasına səbəb olur:

“Bu kontekstdə İsrail prezidenti Bakıda səfərdə olduğu vaxt İranda baş verənlər diqqət çəkir. Mayın 30-da İran hüquq-mühafizə orqanları Qərbi Azərbaycan vilayətində “sionist rejimə bağlı terror qruplaşması üzvlərinin həbs edildiyi” xəbərini tirajladılar. Bu, İranın “sionist rejim” təbliğatında ənənəvi addımlarından biridir, lakin informasiyanın Hersoqun Bakıda olduğu gün tirajlanması müəyyən gözləntiləri önə çıxarır:

– İran Hersoqun Bakıya səfərinə görə Azərbaycana qarşı ittihamını “sionist terroru” üzərindən quracaq?

– Bu məqsədlə “həbs edilən” qruplaşmanın Azərbaycanla “bağlantıları”nı ortaya ata bilərlərmi?

Xüsusilə Tehranın Bakıya qarşı ittihamlarını terrorçu iddiası üzərindən qurduğu təcrübəsi fonunda bu suallar aktual olaraq qalır”.

Qeyd edək ki, İsrail Prezidenti İsax Hersoq mayın 30-da Azərbaycana rəsmi səfər edib. Səfər mayın 31-də başa çatıb.

Ayşən Mustafa
Globalinfo.az