behreyn hucum

“İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar və İranın buna cavab olaraq Körfəz məkanını da prosesə daxil etməsi münaqişəni ikitərəfli qarşıdurmadan regional böhran mərhələsinə keçirə bilər.”

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva İranın Bəhreyn və Qətərdəki ABŞ hədəflərinə hücumlarını şərh edərkən deyib.

“Əgər hücumlar yalnız hərbi obyektlərlə məhdudlaşsa və tərəflər “cavab verdik” mesajı ilə dayanmaya hazır olsa, bu, qısa, lakin intensiv mərhələdən sonra nisbi sakitləşmə ilə nəticələnə bilər. Lakin Körfəz ölkələrinin, xüsusilə də hərbi bazaların və enerji infrastrukturunun hədəfə alınması vəziyyəti tamamilə dəyişdirir. Bu halda münaqişə artıq İsrail–İran xəttindən çıxaraq ABŞ faktorunu və ərəb monarxiyalarını birbaşa cəlb edən geniş təhlükəsizlik böhranına çevrilir. Belə ssenari hava məkanlarının bağlanması, neft qiymətlərinin kəskin artması və qlobal bazarlarda panika ilə müşayiət oluna bilər.

zuriye qarayeva 900x600 1

Züriyə Qarayeva

Prosesin necə bitəcəyi əsasən iki amildən asılıdır: tərəflərin siyasi iradəsi və eskalasiyanın miqyası. Əgər məqsəd qarşı tərəfi çəkindirməkdirsə, məhdud zərbələrdən sonra diplomatik kanallar işə düşə və nisbi dayandırma əldə oluna bilər. Amma əgər məqsəd qarşı tərəfin hərbi imkanlarını sistemli şəkildə zəiflətməkdirsə, toqquşmalar dalğavari şəkildə uzana bilər və regionda uzunmüddətli gərginlik yaranar. İranın Körfəzdə atdığı addımlar riskləri artırır, çünki bu, artıq yalnız iki dövlətin deyil, enerji təhlükəsizliyi və beynəlxalq ticarət marşrutlarının taleyini də əhatə edir. Bu mərhələdə ən real nəticə ya sürətli, lakin sərt qarşılıqlı zərbələrdən sonra dayandırma, ya da nəzarətdən çıxan regional genişlənmədir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: