“İranın bizə qarşı mövqeyinin dəyişməsinin əsas səbəbi budur” – Vahid Əhmədov

Globalinfo.az Milli Məclisin deputatı Vahid Əhmədovla müsahibəni təqdim edir:

– Vahid bəy, dünən İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi oldu. Tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin parlament, ictimaiyyət və incəsənət nümayəndələri iştirak ediblər. Bu hadisəni necə qiymətləndirirsiz?

– Öncə onu qeyd edim ki, Azərbaycan ilə İsrail arasında münasibətlər həmişə müsbət olub. İki ölkəni bir-birinə yaxınlaşdıran bir çox məqam var. Ümumiyyətlə Azərbaycan dünyanın ən tolerant ölkələrindəndir.

Ölkəmizdə heç bir şəxsə qarşı dini və ya etnik ayrı-seçkilik edilmir. Yəni heç bir fərq olmadan bütün Azərbaycan vətəndaşlarına eyni səviyyədə münasibət göstərilir. Yəhudi xalqı da Azərbaycan cəmiyyətinin bir parçasıdır. Misal üçün, bu gün Qubada Qırmızı qəsəbədə yəhudilər yaşayır.

İsrail dövləti ilə Azərbaycan arasında münasibətlər 44 günlük müharibə zamanı bir daha özünü göstərdi. Bu gün Azərbaycan hərb sənayesinin inkişafında, ordumuzun modernləşməsində İsrailin böyük xidməti var.

Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanın İsraildə səfirlik açması iki ölkə arasında münasibətləri daha da inkişaf etdirəcək.

– Belə bir iddia səslənir ki, İran və ərəb amilinə görə Azərbaycan İsraildə səfirlik açmaqdan çəkinirdi. Sizcə, bu doğrudur?

– Bəli, bu tipdə iddialar tez-tez səslənir. Bir çoxundan xəbərim var. Mən bu fikirlər ilə müəyyən qədər razıyam, müəyyən qədər isə razı deyiləm.
Məsələ ondadır ki, İran-İsrail münasibətləri kifayət qədər gərgindir. Bu gərginlik fonunda Azərbaycanın İsraildə səfirlik açması istər-istəməz İranı qıcıqlandırır.
Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev İsraildə səfirliyimizin açılmasına qərar verdi. Hesab edirəm bu, yerində və düzgün bir qərardır.
Azərbaycanın belə bir qərar verməsində mövcud İran-Azərbaycan gərginliyinin payı da böyükdür. Azərbaycan hər zaman İranla münasibətlərə yüksək diqqət verib. Burada qonşu olmağımızın da payı böyükdür.

– Nə baş verdi ki, İranın Azərbaycan qarşı mövqeyi birdən-birə radikal şəkildə dəyişdi?

– 44 günlük müharibə zamanı İran faktiki olaraq Azərbaycanın deyil, Ermənistanın yanında oldu. Biz Tehranın Ermənistana açıq dəstəyini gördük. Azərbaycanın regionda reallıqları dəyişməsi İranın maraqlarına uyğun deyil. Bu ölkənin bizə qarşı mövqeyinin dəyişməsinin əsas səbəbi bu ola bilər.

– İsraildə səfirliyimizin açılması ərəb ölkələri ilə Azərbaycan arasında münasibətləri korlaya bilər?

– Azərbaycanın ərəb ölkələri ilə münasibətləri müsbətdir. Bu gün Azərbaycanın bir çox ərəb ölkəsində səfirliyi var. Eyni qaydada həmin ölkələrin də Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Ölkələrimiz arasında iqtisadi-siyasi əlaqələr mövcuddur və günü-gündən inkişaf edir.

Lakin mən İsraildə səfirlik açmağımızın bu ölkələr ilə münasibətlərə təsir edəcəyini düşünmürəm. Məsələ ondadır ki, bir çox ərəb ölkəsi İsraillə münasibətləri normallaşdırıb, hətta bu ölkədə səfirlikləri də var.

Turan Rzayev
Globalinfo.az