İranın Bakıya qarşı gizli “silahı” – Evinizin içindəki təhlükə

Azərbaycan-İran münasibətləri ciddi şəkildə gərginləşib. Hazırda üzdə qarşılıqlı ittihamlar olmasa da, arxa planda çox ciddi proseslərin getdiyi məlumdur. İki ölkə münasibətlərinə ən çox təsir edən hadisələrdən biri yanvar ayının 27-si Tehranda səfirliyimizə olunan terror hücumu, digəri isə Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərlinin həbs edilməsi oldu. Daha sonra Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan vətəndaşlarına İrana getməməyi tövsiyə etdi. Bundan başqa, rəsmi olmasa da, Azərbaycandan İrana təyyarə uçuşlarının dayandırılmasına dair də məlumat yayıldı.

Azərbaycanın Tehrandakı səfirliyi 4 aydan çoxdur ki, fəaliyyət göstərmir. İran səfirliyinin də yaxın günlərdə Azərbaycanda öz fəaliyyətini xeyli dərəcədə məhdudlaşdıracağına dair məlumatlar dolaşır. Belə bir şəraitdə İrandan Azərbaycana gələn qida məhsullarına da məhdudiyyət qoyulub-qoyulmayacağı müzakirələri gedir.

Məlum olduğu kimi, Bakıda, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında İran istehsalı qida və ərzaq məhsulları satılan mağazalar var. Bəzi iddialara görə, həmin qidalar sağlamlığımız üçün ciddi təhlükə yaradır. Hətta deyilir ki, İran tərəfi bilərəkdən bu qidaların tərkibinə insan orqanizminə zərər verə biləcək maddələr qatır.

Məsələni dəqiqləşdirmək üçün Globalinfo.az qida üzrə mütəxəssis Ağa Salamovla danışıb.

Onun sözlərinə görə, İrandan gələn məhsullarda təhlükəli maddələr ola bilər:

“Yaxınlarda tonlarla kartof və bibərin tərkibində yüksək dozalı pestisid aşkar edilərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məhv olundu.

Pestisid bir qidanın ərsəyə gəlməsi üçün vurulan kimyəvi dərmanlardır və dərmanlayan şəxs proses zamanı mütləq xüsusi geyim və maskadan istifadə edir. Çünki bu, güclü allergiya və kimyəvi zəhərlənmə yaradan bir maddədir. İran bəzən doza həddini çox aşır. Belə olan təqdirdə də insanlar kimyəvi zəhərlənməyə məruz qalır və orada nitrat yüksək olduğu üçün tədricən şiş, mədə-bağırsaq, digər xəstəliklər ortaya çıxır. Biz bu addımı İrandan gözləyirdik deyə, mütəxəssis olaraq xəbərdarlıq etmişdik. AQTA-nın atdığı addımlar sayəsində həmin məhsullar məhv edildi”.

Ağa Salamov

Ağa Salamov bildirib ki, sahibkarlar özləri ayıq olmalı, İrandan Azərbaycana gələn məhsullara “stop” qoymalıdırlar:

“Misal üçün qardaş ölkə Türkiyədən gətirib sata və ya burada torpaq sahəsi alıb özləri əkib-becərə bilərlər. Bu, daha məqsədəuyğundur, nəinki gedib İrandan gətirmək”.

Ekspert deyib ki, Tehran bu gün Azərbaycana qarşı çox radikal siyasi düşüncələrdədir:

“Ona görə də ehtiyat etməliyik. Azərbaycana idxal olunan bütün məhsulların laboratoriyadan keçməsi, ciddi nəzarətdə olması zəruridir. Çünki sabah pestisidin əvəzinə başqa bir dərman vurub göndərə bilərlər.

İran qız tələbələrinə qıyan ölkədir. Görürsünüz ki, orada qızları kütləvi şəkildə zəhərləyirlər. Bu addımı öz vətəndaşına qarşı atırsa, deməli, bizə qarşı da ata bilər. Ona görə də ayıq-sayıq olmalıyıq. İrandan gələn qida məhsullarından uzaq durmaq, idxalı azaltmaq, eyni zamanda məsələni ciddi nəzarətə götürmək lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az