tel eviv baki tehran

İrandakı bəzi dairələrin Azərbaycanla bağlı son mövqeyi cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, İran tərəfi müharibə, İsrailin hücumu şəraitində belə Azərbaycanı günahlandırmaqdan əl çəkmir. Baxmayaraq ki, Prezident İlham Əliyev səviyyəsində dəfələrlə deyilib ki, İrana hücum baş verərsə, Azərbaycan əraziləri platsdarm olmayacaq. Müharibə gedişində də bu, bütün dünya, eləcə də İran tərəfindən görüldü. Yenə də Tehranda ənənəvi qaralama və şərləmə kampaniyası davam edir.

Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, İsrail-İran gərginliyinin artdığı ilk gündən Azərbaycan Xarici İşlər Nazirliyi qəti şəkildə ölkə ərazisindən üçüncü dövlətlərin istifadəsinə icazə verilməyəcəyini bəyan edib:

“Buna baxmayaraq, iranlı siyasətçilər və politoloqlar guya Azərbaycanın İsrailin tərəfində yer aldığını iddia etməyə davam edirlər. Lakin rəsmi şəxslər rəsmi Bakının verdiyi sözə sadiq qaldığını bildikləri üçün bu kimi fikirləri açıq şəkildə səsləndirmirlər.

Bizə qarşı yönələn bu əsassız ittihamların kökündə Azərbaycanın müstəqil siyasət yürütməsi dayanır. İran daxilində müəyyən dairələr bu müstəqilliyi qəbul etmək istəmirlər. İlk növbədə, Azərbaycanın İsraillə hərbi əməkdaşlığı Tehranı narahat edir. Onlar hesab edirlər ki, rəsmi Bakı kimdən silah alacağını, yaxud hansı ölkə ilə hərbi tərəfdaşlıq quracağını Tehranla məsləhətləşməlidir.

Abutalib semedov 121 900x604 1
Abutalıb Səmədov

Digər bir narahatlıq isə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən tikinti şirkətləri arasında israilli şirkətlərin də yer almasıdır. İranda uzun müddətdir dolaşan bir mifə görə, guya İsrail Azərbaycanda kənd təsərrüfatı ferması adı altında kəşfiyyat mərkəzi yaradıb və bu obyekt İsrailin kəşfiyyat məqsədləri üçün istifadə olunur. Bu iddianın əsassız və qeyri-ciddi olduğu hər kəsə məlum olsa da, İran tərəfi reallığı qəbul etməkdə çətinlik çəkir.

Hətta bəzi dairələr hərbi əməliyyatlardan öncə bu “kəşfiyyat mərkəzlərinin” İranda hansı obyektlərin vurulacağını əvvəlcədən müəyyən etdiyini də iddia edirlər. Bu isə tamamilə təxribat xarakterlidir və reallıqla heç bir əlaqəsi yoxdur.

Təəssüf ki, İran hakimiyyətində bu gün də normal, bərabərhüquqlu qonşuluq münasibətləri barədə düşüncə olduqca məhduddur. Onlar hesab edirlər ki, region ölkələri, xüsusilə də Azərbaycan, hər addımını Tehranla razılaşdırmalıdır. Bu isə müstəqil dövlətlər üçün qəbuledilməz yanaşmadır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: