İranın “Azərbaycana hərbi müdaxilə” hədəsinə Bakıdan cavab verildi

Son günlər İran-Azərbaycan münasibətlərində yaxınlaşma hiss olunsa da, Tehranın Zəngəzur dəhlizi məsələsində mövqeyi dəyişməz qalır. Tehran Zəngəzuru hələ də “qırmızı xətt”i hesab edir. Hətta iranlı rəsmilər münasibətlərin normallaşması istiqamətində verdiyi açıqlamalarda bu məsələyə dair əvvəlki fikirlərini səsləndirirlər.

İran-Ermənistan Əməkdaşlığının İnkişafı Fondunun rəhbəri Pouya Hüseyni bir qədər əvvəl deyib ki, İran Ermənistan vasitəsilə Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün hərbi müdaxiləyə hazırdır.

“İranın ali rəhbəri həm Putinə, həm də Ərdoğana Ermənistanla sərhədinin kəsilməsinə icazə verməyəcəyini deyib”, – Hüseyni vurğulayıb.

Bəzi ekspertlər isə hesab edir ki, İran Zəngəzur dəhlizinə görə Azərbaycanla hərbi qarşıdurmaya belə gedə bilər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, İranın Azərbaycanla münasibətləri heç vaxt səmimi olmayıb:

“Rəsmi Tehran hər zaman Azərbaycanla münasibətləri özünün dar eqolu ideologiyasına qurban verib. Bakı bu günə qədər Tehrana qarşı aqressiv tutum sərgiləmədiyi kimi, ərazisindən İrana qarşı hücumlar, ya da bu kimi fəaliyyətlərin edilməsinə icazə verməyib.

İran-Azərbaycan qarşıdurması: Yaşanan gərginliyin kökündə nə dayanır?

Azərbaycan-İran münasibətlərinin korlanması tamamilə qarşı tərəfin sərgilədiyi mövqe ilə əlaqəlidir. Azərbaycan İrana qarşı xoş qonşuluq münasibətləri, qarşılıqlı əməkdaşlıqdan başqa heç nə etməyib. İran isə Azərbaycanı özü üçün potensial təhdid görür”.

Siyasi şərhçi bildirib ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə sevinməyən ölkələrdən biri də məhz İrandır:

“Tehran işğaldan azad edilən ərazilər boyu sərhəddə hərbi təlimlər keçirib, rəsmilər səviyyəsində təhdid ritorikalı açıqlamalar verib.

İranın Zəngəzurla bağlı mövqeyi dəyişməyib. İran rəsmiləri məsələyə çox dar rakursdan baxıb əsassız açıqlamalar verirlər. Xüsusilə Zəngəzur dəhlizinin açılmasını sərhədlərin dəyişdirilməsi kimi təqdim etmələri siyasi savadsızlıq və qərəzli yanaşmadır.

O ki qaldı İranın bu məsələyə görə Azərbaycanla hərbi gərginlik yaşamasına, bu, zəif ehtimaldır. Bakının hazırda prosesləri bu qədər gərginləşdirəcək addımlar atacağını düşünmürəm. İran üçün də əlavə başağrısı lazım deyil. Təcrübə göstərir ki, Tehran çox danışsa da, az iş görür”.

Turan Rzayev
Globalinfo.az