İranın agentura şəbəkəsinə qarşı daha bir əməliyyat gözlənilir – ekspertlər detalları açdılar

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir neçə gün əvvəl İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış və Azərbaycana qarşı təşkilatlandırılan qanunsuz silahlı birləşməni ifşa etməsi ilə bağlı məlumat yaydı. Sözügedən məlumatda ən çox diqqətçəkən və müzakirə olunan məqam İranın Azərbaycandakı səfirliyinin bu silahlı birləşmə ilə əlbir olmasıdır. Hələ ki İranın Azərbaycandakı səfirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Maraqlıdır, DTX-nin İranın planlarını ifşa edən yeni əməliyyatlar keçirməsi gözlənilirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov deyib ki, 1990-cı illərdə – Azərbaycanın təlatümlü vaxtlarında təhlükəsizlik orqanlarında yaranan boşluqlardan istifadə edib dövlətə qarşı hərbi-siyasi-dini təşkilat formalaşdırmaq cəhdlərində İranın xüsusi payı var idi:

    Aqşin Kərimov

“Siyasi islamı özünün ideologiyasının mərkəzində tutan İran elə düşünür ki, Azərbaycanda alternativ bir hərəkat yaratmaqla onu hakimiyyətə və dövlətə qarşı təzyiq alətinə çevirə biləcək. Bunun üçün rəsmi Tehran əvvəlcə aztəminatlı ailələrə yardım etməyə başladı. Sonralar isə insanların çox dinlədiyi meyxanadan istifadə edərək, İran məzmunlu şüarların açılan qafiyələrdə bərq vurmasına nail oldu.

İran daha sonra əhalinin tez-tez toplaşdığı məkanlara üz tutdu. Məsələn, bərbərxanalarda belə “öz meyvələrini” yetişdirdi və beləcə onun ideoloji bazasının miqyası genişlənərək Azərbaycana təhdid səviyyəsinə qədər gəlib çatdı.

Rəsmi Tehran əlindəki vasitələri möhkəm iplə bağlamaq üçün azərbaycanlı tələbələrin Qumda təhsil alması işini stimullaşdıran tətbiqlər barədə düşündü və onların çoxu sonradan Tehranın ideoloji-kəşfiyyat maşınlarının təkərlərinə çevrildilər. Sonradan yığılan xümslər hesabına Tehran qarşıya çıxa biləcək maliyyə çətinliklərinin öhdəsindən gəlirdi.

Bir sözlə, molla rejimi Azərbaycan cəmiyyətinin müxtəlif sferalarına sızaraq öz sxemini qurdu, lakin 2000-ci illərin ortalarından etibarən o, Azərbaycan dövlətinin əks-həmlələri ilə qarşılaşdı, sonrakı proseslərdə isə ölkədəki İran şəbəkəsinin bir qismi çökdürüldü.

İran hazırda da öz əlaltıları vasitəsilə yeni həmlələrə keçmək potensialına malikdir və bu, DTX-ni yeni əməliyyatlara başlamağa vadar edəcək”.

 

 Elman Nəsirov

Milli Məclisin deputatı Elman Nəsirovun sözlərinə görə isə İranın siyasi dairələri Azərbaycanda sabitliyin pozulması üçün aktiv fəaliyyət göstərirlər:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu var. Qonşular ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi xarici siyasət kursumuzun prioritet hissəsini təşkil edir.

Azərbaycan hər zaman İranla mehriban qonşuluq münasibətində olub. Biz çox istərdik ki, qonşularımıza qarşı sərgilədiyimiz xoşməramlı münasibət onlar tərəfindən də bizə göstərilsin. Təəssüf ki, analoji yanaşmanı İran tərəfindən görə bilmirik. Xüsusilə biz 44 günlük Vətən müharibəsində İranın daban-dabana zidd əməllərinin şahidi olduq. Ümumiyyətlə, İranın Azərbaycana qarşı sərgilədiyi münasibət bu ölkənin dövlət siyasəti olan xomeynizmə də ziddir. Belə ki, xomeynizmə görə, müsəlmanın müsəlmandan başqa dostu yoxdur. Lakin biz tez-tez İranın Ermənistanla yaxınlaşdığını, Azərbaycana qarşı birgə hərəkət etdiyinin şahidi oluruq. Həmin Ermənistan ki, işğal etdiyi Qarabağda məscidləri dağıdıb donuz fermasına çevirmiş, müsəlmanların qanına bais olmuşdu.

O ki qaldı DTX-nin İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış və Azərbaycana qarşı təşkilatlandırılan qanunsuz silahlı birləşməyə qarşı keçirdiyi əməliyyata, bu, özlüyündə vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir. Əlbəttə ki, belə əməliyyatların davamının olacağını proqnozlaşdırmaq mümkündür”.

 Arzu Nağıyev

Millət vəkili Arzu Nağıyev bildirib ki, bir sıra dövlətlərin xüsusi xidmət orqanları Azərbaycana qarşı məkrli siyasətlərini davam etdirməkdədirlər:

“Son vaxtlar İranın məhz bu istiqamətdə atdığı addımların qarşısının alınması üçün Dövlət Təhlükəsizlik Xidməti çox mühüm əməliyyat keçirdi. İran xüsusi xidmət orqanlarının təlimatçıları tərəfindən yetişdirilən silahlı birləşmənin üzvləri saxlanıldı. Qeyd edilən əməliyyat nəticəsində İranın Azərbaycandakı səfirliyinin diplomatik toxunulmazlığa malik olan avtomobilləri vasitəsilə ideoloji materialların ölkəmizə gətirilməsinin qarşısı alındı. Onlar belə düşünürdü ki, diplomatik toxunulmazlıqdan istifadə edib nə istəyirlərsə, rahatlıqla edə bilərlər, lakin bu, belə deyil. Xüsusi xidmət orqanları bütün əməliyyat şəraitinə nəzarət edir. Azərbaycanın suverenliyinə qarşı atılan addımların qarşısı bundan sonra da alınacaq və mütəmadi olaraq belə addımların atılması zəruridir”.

Turan Rzayev, Globalinfo.az