İsrailin Baş Qərargah rəisi Herzi Halevi ordunun Livan cəbhəsində hücuma hazırlaşdığını açıqlayıb. O, Qolan yüksəklikləri də daxil olmaqla, şimal ərazilərdəki sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə hücum əməliyyatının keçirilməsini zəruri adlandırıb.
Bəzi ekspertlərin fikrincə, İsrailin Livanda “Hizbullaha” qarşı başladacağı əməliyyat xeyli gecikib.
Təl-Əvivin əməliyyatı gecikdirməsinə səbəb nədir? Ehtimal gərginlik zamanı İran hansı addımları atacaq?
Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, İsrailin “Hizbullaha” qarşı konkret əməliyyat planı mövcuddur:
“Amma Qərb ölkələri buna mane olur. Digər tərəfdən, genişmiqyaslı hərbi əməliyyatlar riskli olduğu üçün təxirə salınıb. Yəni hələ ki, dəqiq vaxt bilinmir. İsrailin Baş naziri Benyamin Netanyahu Livanda ikinci cəbhə açılmasında maraqlıdır, amma ordu və siyasətçilər buna açıq şəkildə etiraz edir. Onlar fərqindədir ki, Livana hücum çox risklidir. İsrail təkbaşına Livanda əməliyyatlara başlayarsa, ciddi müqavimətlə qarşılaşa, hətta uduza bilər. Nəzərə almaq lazımdır ki, İsrail ordusu 11 aydır Qəzzada HƏMAS-ı məğlub edə bilməyib. “Hizbullah” isə daha təcrübəli və böyük gücə malikdir. Üstəlik döyüş cəbhəsi genişdir, yəni risk böyükdür”.
Kənan Rövşənoğlu
Politoloqun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu seçim qarşısında qalıb:
“O anlayır ki, Qəzzada atəşkəsə getsə və Livanda “Hizbullah” qarşısında geri çəkilsə, İsrailin 50 ildir formalaşmış sərt “cəza maşını” imici zədələnə bilər. Ona görə də çətin seçim qarşısındadır, yəni müharibə riski böyükdür.
İran 40 ildən çoxdur “Hizbullah”ı dəstəkləyir. Yəqin ki, bundan sonra müharibə zamanı da dəstəyi davam etdirəcək. Amma Livana hücum olarsa, İran müdaxilə etməyəcək. Belə bir ssenari ən çox İsrailə sərf edər, yəni real deyil”.
Turan Rzayev
Globalinfo.az