İrandan Avropanın nüvə təklifinə etiraz – cavab gələn həftə veriləcək

116300

İran “Böyük üçlük” ölkələrinin – Böyük Britaniya, Fransa və Almaniyanın – habelə Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasın Tehranın nüvə proqramına dair verdiyi təklifləri reallıqdan uzaq hesab edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə adının açıqlanmasını istəməyən yüksək vəzifəli iranlı rəsmilərdən biri məlumat verib.

Onun sözlərinə görə, təkliflər Tehran tərəfindən qeyri-real hesab olunsa da, İran gələn həftə onlara rəsmi cavab təqdim edəcək.

“Əgər avropalılar bu təkliflərdə israr etsələr, bu, tərəfləri razılaşmaya yaxınlaşdırmayacaq. Hər halda, İran bu təklifləri Tehranda nəzərdən keçirəcək və növbəti görüşdə cavab verəcək”, – deyə mənbə bildirib.

Rəsmilər qeyd edib ki, İranı uranı zənginləşdirməkdən imtinaya məcbur etmək cəhdləri nəticəsizdir. Bundan əlavə, Tehran öz müdafiə imkanları, o cümlədən raket proqramı ilə bağlı heç bir danışıqlar aparmaq niyyətində deyil.

İyunun 20-də Cenevrədə keçirilən danışıqlardan sonra Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, tərəflər təkcə nüvə məsələsini deyil, digər sahələri də müzakirə edib və danışıqları davam etdirmək barədə razılığa gəliblər. Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi isə İranı və ABŞ-ı nüvə proqramı ilə bağlı məsələlərin sülh yolu ilə həlli üçün danışıqları davam etdirməyə çağırıb.

Qeyd edək ki, “Böyük üçlük” 2015-ci ilə qədər İranla nüvə proqramı ilə bağlı danışıqlar aparan altılıq formatının (BMT vasitəçiləri) yarısını təmsil edirdi. Qrupun digər yarısına Rusiya, Çin və ABŞ daxil idi.

Sözügedən razılaşma – Birgə Hərtərəfli Fəaliyyət Planı – 2015-ci il iyulun 14-də Vyanada imzalanmışdı. Bu sənəd İranın nüvə silahına sahib olmamasını təmin edən və onun sülh məqsədli atom proqramının həyata keçirilməsinə şərait yaradan addım-addım qarşılıqlı razılaşmalar paketini nəzərdə tuturdu. Lakin sözügedən razılaşma 2018-ci il mayın 8-də ABŞ Prezidenti Donald Trampın (birinci dönəm prezidentliyi dövründə – red.) rəhbərliyi ilə Vaşinqtonun razılaşmadan çıxması ilə pozuldu. Tramp həmin vaxt “İrandan daha yaxşı bir razılaşma əldə edəcəyik” demişdi.

Aysel Əliyeva
Globalinfo.az