İran Azərbaycanla bağlı məsələdə tələsir – “Faciənin 1 ilində…”

“Zəngəzur dəhlizinə alternativ yolun İrandan keçməsi barədə razılaşma, habelə Şimal-Cənub dəhlizinin dəmir yolu hissəsinin inşası ilə bağlı anlaşmadan sonra Bakı-Tehran münasibətlərində yumşalma müşahidə edilir”.

Bu sözləri Globalinfo.az-a politoloq Kənan Rövşənoğlu Azərbaycan Respublikasının İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanması barədə yayılan xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, İran XİN rəhbərinin Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul olunması, münasibətlərin dəyişdiyini və yumşalma olduğunu göstərən digər bir məqamdır:

“Səfirliyin fəaliyyətinin bərpa olunması ilə bağlı həm Azərbaycan, həm də İran rəsmilərinin açıqlamaları var idi. Gələn ay səfirliyə hücumun bir ili tamam olur. Güman ki, İran tərəfi o tarixə qədər səfirliyin fəaliyyətinin bərpa olunmasını istəyir. Bu arada görüləcək işləri isə “yol xəritəsi” kimi qeyd edirlər.

Kənan Rövşənoğlu

Çox güman ki, o zamana qədər səfirliyə hücumla bağlı məhkəmə prosesi yekunlaşacaq. Həmçinin səfirliyin təhlükəsizliyi haqda müəyyən öhdəliklər razılaşdırılır. Ümumiyyətlə, səfirliyimizə hücum İranın özü üçün də xoş hadisə deyil. Bu səbəbdən də rəsmi Tehran tezliklə anlaşmazlıqların aradan qaldırılması və səfirliyin fəaliyyətini bərpa etməsini istəyir. Güman edirəm ki, Azərbaycan dövləti də məsələyə müsbət baxır, qalır texniki məsələləri həll etmək”.

Turan Rzayev
Globalinfo.az