İranda saxlanılan azərbaycanlılardan xəbər var – Ekstradisiya olacaqmı?

Aprelin 27-də İranda Azərbaycan əleyhinə fəaliyyət göstərən Orxan Məmmədovun və Tohid İbrahimbəylinin saxlanıldığı haqda xəbər vermişdik. Onların Azərbaycana təhvil veriləcəyi haqda iddialar səslənir. Deyilir ki, Tehranla Bakı arasında əldə olunan razılaşmaya görə bu şəxslər öz ölkələrinə ekstradisiya olunacaq.

Bəzi ekspertlər iddia edirlər ki, saxlanılan şəxslər Azərbaycana təhvil verilərsə, İranın xeyrinə casusluq edən şəbəkə daxilində tərəddüd yaranar. Heç kim bu ölkəyə casusluq etmək istəməz. Çünki bir gün bu şəkildə qandallanaraq təhvil veriləcəklərindən qorxarlar.

Bu, nə qədər peşəkar və obyektiv yanaşmadır, demək çətindir. Ölkələr arasında bu cür casus mübadilələri olur. İranla Azərbaycanın gərgin münasibətləri fonunda bunun baş verməsi nə dərəcədə realdır?

Mövzunu Globalinfo.az-a şərh edən təhlükəsizlik üzrə ekspert Rəşad Rza saxlanılan şəxslərin ölkəmizə gətirilməsinin inandırıcı olmadığını bildirib. Deyib ki, hazırkı vəziyyəti nəzərə aldıqda bu, reallıqdan bir az uzaqdır:

Rəşad Rza

“Əslində, anlaşmada əgər agenturanın təhvil verilməsi qeyd olunubsa, buna əməl olunmalıdır. İstisna hallar olar ki, ona görə verilməyə bilir. Digər dövlətlərin bu məsələyə mənfi yanaşmasına gəldikdə isə düşünürəm ki, bu, peşəkar bir yanaşma deyil. Onsuz da dövlətin daxili məsələlərinə heç kim qarışa bilməz. Həm də, agentura məsələsi bir az fərqli məsələdir. Hər ölkənin öz maraqları var. Onlar öz maraqlarına görə hərəkət etməlidir və edəcəklər də. Buna kimsə fərqli yanaşa bilməz”.

Millət vəkili Bəhruz Məhərrəmov isə bildirib ki, Azərbaycana qarşı yönələn görüntülər, çağırışlar hələ də yayılmaqdadır:

“İrana “sığınaraq”, sosial mediada və digər üsullarla Azərbaycan əleyhinə iş aparan azərbaycanlıların Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ya ərazi bütövlüyünün parçalanmasına yönələn, habelə terrorçuluğa, milli, sosial, dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar etmələrinə dair çox saylı videogörüntülər günü bu gün də internet resurslarında açıq mənbələrdə mövcuddur.

Yəni həmin şəxslərin cinayət qanunvericiliyində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlləri törətdiyini ehtimal etməyə əsas verən kifayət sayda təkzibedilməz dəlillər var. Bu isə Cinayət Prosessual qanunvericiliyində nəzərdə tutulduğu kimi, cinayət işinin başlanması üçün səbəb və əsasların mövcudluğu deməkdir”.

Bəhruz Məhərrəmov

Deputat bildirib ki, bu günə qədər İran tərəfi həmin şəxslərin cinayət təqibi ilə bağlı nəinki hüquqi əməkdaşlıq etməmiş, üstəlik həmin şəxsləri açıq formada proteksiya edib:

“Xüsusən İran və Azərbaycan arasında münasibətlərin ritorikasının kəskinləşdiyi dönəmlərdə bu xəyanətkarlar İranın informasiya təbliğat maşınının mühüm ruporları kimi atni-Azərbaycan cəbhədə mühüm yer tutmuşdular.
Azərbaycan və İran arasında münasibətlər tam qaydasına düşməsə də, aydındır ki, artıq bir müddət öncəki ritorika mövcud deyil. Üstəlik sirr deyil ki, prosesdə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin üstünlüyü aşkar formada sezilir”. Millət vəkili Tehranın artıq Azərbaycanla təhdid dili ilə danışa bilməyəcəyini qeyd edib:

“Lakin qonşuluq münasibətlərinə yaraşmayan uzunmüddətli ritorikadan sonra münasibətlərin sağlam təməllər üzərində davam etməsi üçün – hansı ki, buna İranın daha çox ehtiyacı var, Tehran Bakının beynəlxalq hüquqa əsaslanan tələbləri ilə bağlı güzəştlərə məhkumdur. Bu istiqamətdə İrana sığınan şübhəli və təqsirləndirilən şəxslərin Azərbaycana təhvil verilməsi ən vacib məqamlardan biridir. Əgər İran həmin şəxsləri Bakıya təhvil verərsə, bu, Tehranın mehriban qonşuluq siyasəti ilə bağlı sonrakı dövrlərdə səmimi iradəsinin göstəricisi, aramızdakı buzların isə əriməsi üçün mühüm vasitə ola bilər”.

Zaira Akifqızı
Globalinfo.az