İranda 14-cü prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahı məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə bütün məntəqələr bağlanıb, səslərin sayılmasına başlanıb.
Qeyd edilib ki, birinci turda iştirak 24 milyon yarım idi, ikinci turda isə 30 milyon nəfəri keçib.
***
İranda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə yerli vaxtla saat 00:00-dək uzadılıb.
Globalinfo.az xəbər verir ki, bunu İran Seçki Qərargahının sözçüsü Möhsün İslami deyib.
***
Bu gün İranda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə müddəti yerli vaxtla saat 22:00-dək uzadılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Seçki Qərargahının nümayəndəsi Möhsün İslami deyib.
***
İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə vaxtı 2 saat uzadılıb.
Globalinfo.az xəbər verir ki, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.
Onun sözlərinə görə, seçicilərin seçkini rəğbətlə qarşıladığına görə seçkilərin vaxtı 18:00-a qədər artırılıb.
Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb. Bu turda 2 namizəd – Məsud Pezeşkian və Səid Cəlili rəqabət aparır. Seçkilərdə ən çox səs qazanan namizəd qalib olacaq. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.
İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.
28 iyunda keçirilən 14-cü çağırış prezident seçkilərində 24,5 milyon seçici səsvermədə iştirak edib. Səsverməyə əsasən sabiq səhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian 10,4 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 9,47 milyon, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 3,38 milyon və sabiq təhlükəsizlik rəsmisi Mustafa Purməhəmmədi 206 min səs toplayıb.