İranda havanın çirklənməsi il ərzində bu qədər insanı öldürüb – ŞOK RƏQƏMLƏR

Tehranın Ətraf Mühit və Şəhərsalma Xidmətləri Komissiyasının sədri Mehdi Pirhadi ölkədə havanın çirklənməsinin ildə 27 mindən çox insanın ölümünə səbəb olduğunu bildirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Tasnim Xəbər Agentliyinin məlumatına görə, Pirhadi İranda havanın çirklənməsinin yaratdığı problemlər barədə məlumat verib.

Ölkədə hava çirkliliyini tez-tez gündəmə gətirdiyi üçün tənqid olunmaqdan narahat olduğunu dilə gətirən Pirhadi, “Bir il ərzində ölkədə 27 mindən çox, Tehranda isə 6 min 398 nəfər hava çirkliliyi səbəbindən həyatını itirdi” deyib. O əlavə edib ki, bu artım davam edərsə, 8 illik İran-İraq müharibəsindən daha çox itki verəcəyik.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin Hava Sağlamlığı və İqlim Dəyişikliyi İdarəsinin rəisi Dr. Abbas Şahsuni 8 noyabr 2022-ci il tarixli açıqlamasında havanın çirklənməsinin bir il ərzində ölkə üzrə 20 min 800, paytaxt Tehranda isə 6 min 400 nəfərin ölümünə səbəb olduğunu bildirib.