1200x675 iran israil geriliminde yeni boyut devrim muhafizlari ordusu boyle duyurdu pisman olacaklar 1712429212168

İsrailin Livan, Qəzza və Yəmən istiqamətində eyni anda apardığı hərbi əməliyyatlar regional təhlükəsizliklə bağlı narahatlıqları artırır. Son məlumatlara görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubunda yerləşən “Hizbullah”a aid hərbi obyektlərə səkkiz hava zərbəsi endirib. Xüsusilə, təşkilatın yeraltı komanda məntəqəsinin olduğu Nabatiya şəhəri yaxınlığındakı ərazilər hədəf alınıb.

Digər tərəfdən, İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubeydənin zərərsizləşdirildiyini açıqlayıb. Baş nazir Benyamin Netanyahu isə Yəməndə “Ənsar Allah” (Husilər) hərəkatının əksər üzvlərinin sıradan çıxarıldığını və növbənin təşkilatın liderlərinə çatdığını bildirib.

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, İsrail hələlik İranın regiondakı proksi qüvvələrini tamamilə sıradan çıxara bilməyib:

“Bu vəziyyət Təl-Əvivin planlarını tam şəkildə reallaşdırmasına mane olur. HƏMAS-ın silahlı qüvvələri hələ də Qəzzada özünü hakimiyyət sahibi hesab edir və israilli girovların azad olunması ilə bağlı danışıqlar da məhz bu qruplaşma ilə aparılır. Təşkilatın silahları təhvil verməsi ilə bağlı şərt isə qəbul edilməyib.

Livanda “Hizbullah”ın tərksilah olunmasını rəsmi Beyrut dəstəkləsə də, təşkilat çağırışa əməl etməyib və silahı təhvil verməyib. Bu da İsrail-Livan münasibətlərində əsas gərginlik mənbəyi olaraq qalır. İraqda “Həşti Şəbi” qüvvələri İranın təsiri altındadır. Yəməndəki husilər də Tehranın dəstəyi ilə fəaliyyət göstərirlər.

Digər tərəfdən, İran Avropa üçlüyü — Böyük Britaniya, Almaniya və Fransa ilə nüvə proqramının dayandırılması və uranın zənginləşdirilməsi ilə bağlı müzakirələrdən imtina edir. İran rəsmilərinin ABŞ-la İsrailə qarşı sərt və hədə dolu çıxışları da Tehrana münasibətdə yeni beynəlxalq təzyiqlərin yaranma ehtimalını artırır. Bütün bunlar göstərir ki, İran hələ də regiondakı proksi qüvvələri ilə əlaqələrini davam etdirir.

sedreddin soltan yeni foto e1756472636579
Sədrəddin Soltan

Siyasi şərhçi bildirib ki, sözügedən qüvvələrə dəstək göstərən əlavə strukturların mövcudluğu da istisna deyil:

“İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İraq və Livana son səfərləri Tehran hakimiyyətinin regional təsirini qorumaq niyyətində olduğunu göstərir.

Bundan əlavə, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) hədəf alması da Tehrana münasibətdə gərginliyi artıran mühüm faktorlar sırasındadır. Yaxın gələcəkdə İranın proksi qüvvələrinin zəiflədilməsi istiqamətində konkret addımların atılması mümkündür. Bu, eyni zamanda Tehran hakimiyyətinə qarşı yeni bir planın hazırlandığının göstəricisi sayıla bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: