Hərbi əməliyyatların peşəkar ssenarisi adətən düşmənə yanlış informasiyanın, dezonun ötürülməyi ilə başlayır. İsrail bu klassik başlanğıcdan məharətlə istifadə etdi.
Əvvəl İran ETTELAT-ına, yəni rəsmi kəşfiyyatına, İsraildəki atom ünvanlarının siyahısını ötürdü. İran rəhbərliyinin bu yalançı siyahı, xəritəni müzakirə edəcəyi bəlli idi.
Şansı qaçırtmadılar. İran hərbi qüvvələrinin bütün rəhbərliyi bir nöqtəyə yığılınca cavab zərbəsi qaçılmaz oldu. Mükəmməl əməliyyatdır. Livandakı Şeyx Həsən Nəsrullah da oxşarcasına qətlə yetirilmişdi. O da dezonu müzakirə edərkən yerini, ünvanını açmışdı. Qısası, təkrarlanan uğurlu əməliyyatlar.
İndi bu dezonu udan ETTELAT rəhbərliyi cəzalandırılacaq. İsrail ssenarisinə bu da daxildir. Daxili, qarşılıqlı ittihamlar səslənəcək. Suç keçisi kim olacaq? Bu dəfə ETTELAT. Əvvəl Livanda bu minaya SEPAH öz pəncəsini basmışdı. Əməliyyat İranın hər iki kəşfiyyat qanadını aldatdı. Döyüşə peşəkarlar gedir. Peşəkarlar da udur bu cür müharibələri.
Mistik xronologiyada ayın 13-ü cümə günü xüsusi mənaya malikdir. Təqvimdə məhz bu günün seçilməsi göstərir ki, əməliyyat çoxdan hazırlanıb. Tarixi isə Netanyahu yox, məhz Tramp seçib. Çünki 13 cümə günü xofu ABŞ protestant mistikasıdır. Yəhudilər bu tarixə biganədirlər. Hücumun mistikasını Tramp müəyyənləşdirib. Öz mistik işarəsini gizlədib, müəlliflik haqqını gizlədib bu vacib detalda.
Həmid Herisçi