İrana bağlı şəbəkə yeni fəaliyyətə keçdi: tutulanlar haqda şok məlumat yayırlar

İran xüsusi xidmət orqanlarına casusluq edən şəbəkənin ifşası və saxlanması prosesi davam edir.

Demək olar, hər gün əməliyyatlar zamanı bir neçə şəxs casusluqda şübhəli bilinərək həbs edilir. İndiyədək saxlanılanların istintaqa verdikləri ilkin ifadələrlə ictimaiyyət tanışdır. Məlum olur ki, bu adamlar “Kərimə dövləti” adı ilə Azərbaycanda dövlət quruluşunu dəyişmək üçün təşkilatlanıblar. Onların öz aralarında telefon danışıqlarının səs yazıları yayılıb. Səs yazılarından da İrandan əmr, pul, silah alaraq, ölkədə terror törətməyə hazırlaşdıqları bəlli olur.

Bir yandan da saxlanılanların arasında günahsız insanların olması barədə təbliğat aparılır. Bu təbliğatın arxasında İrana bağlı şəbəkənin dayandığı iddia edilir. Deyilənə görə, həmin şəbəkə Azərbaycanın hüquq mühafizə orqanlarının fəaliyyətini gözdən salmağa, bununla da casusluqda şübhəli bilinən şəxslərin ictimai müdafiəsinin təşkil etməyə çalışırlar.

Bəs hüquq müdafiə təşkilatları bu iddiaların doğru, yaxud yanlış olduğunu araşdırmaq üçün monitorinq aparırlarmı?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan hüquq müdafiəçisi Çingiz Qənizadə həbslər zamanı tutulan şəxslərlə bağlı monitorinq apara bilmədiklərini bildirib.

Çingiz Qənizadə

O, istintaq sirrinin yayılmasının qanunla qadağan olduğunu xatırladıb. İstintaq dövründə təqsirləndirilən şəxslərlə görüşməyin mümkün olmadığını deyib:

“İrana casusluq və terror aksiyası ilə bağlı həbslərin getdiyi bir dövrdə təbii ki, müxtəlif fikirlər olacaq. Saxlanma müddətində kimin haqlı, kimin haqsız olması barədə bir söz deyə bilmərik. Saxlayan tərəf kifayət qədər əsaslı ittiham ortaya qoyacaqsa, o zaman şikayətlərin əsassız olduğunu görəcəyik. Yox, əgər əsaslı ittihamlar və sübutlar olmayacaqsa, əminəm ki, həmin şəxslər barəsində səslənən ağır ittihamlar verilməyəcək. Çünki biz hüquqi dövlətdə yaşayırıq”.

Ç.Qənizadə deyib ki, hər zaman tutulan şəxs günahının olmadığını deyir, tutan isə onun əməlində cinayət tərkibli əməlin olduğunu bildirir:

“Ona görə də, bu məsələdə tələsməyin tərəfdarı deyiləm. Hələ 5-10 günüdür ki, bəzi şəxslərin həbsi ilə bağlı məlumatlar yayılır. Digər tərəfdən də bildirmək istəyirəm ki, dövlətimiz və dövlətçiliyimiz hər şeydən üstündür və hüquq mühafizə orqanlarının apardığı əməliyyatlar fərziyyələr əsasında ola bilməz. Prosesdə saxlanılan şəxslərin də vəkilləri iştirak edəcək, onlar da öz fikirlərini səsləndirəcək. Ortaya hüquq pozuntusu çıxarsa, o zaman təbii ki, biz hüquqların qorunması istiqamətində monitorinqlər keçirəcəyik”.

Zaira Akifqızı
Globalinfo.az