Azərbaycanın cənubundakı ən böyük “buz” nəhayət ki, “əridi”

Son vaxtlar İran-Azərbaycan münasibətlərində normallaşma elementləri nəzərə çarpır. Bir çox ekspertlər tərəflər arasındakı buzların əridiyini deyir. İranda 3+3 formatında keçirilən görüş də bu baxımdan diqqət çəkir. Rəsmi Tehran faktiki olaraq Azərbaycanın təklif etdiyi formatda yer aldı.

Maraqlıdır, İranla Azərbaycan arasındakı münasibətlər bundan sonra necə olacaq? Rəsmi Tehran buzları tam əridəcək, yoxsa bu, müvəqqəti bir yaxınlaşmadır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Rövşənoğlu deyib ki, İran və Azərbaycan arasında “buzlar” bir xeyli vaxtdır əriyib:

“Əlbəttə, dünənki görüş münasibətlərin istiləşdiyini göstərdi, amma nəzərə almaq lazımdır ki, bu, daha əvvəl razılaşdırılmışdı. Düşünürəm ki, Azərbaycan Zəngəzur dəhlizinə alternativ olaraq İrandan yol çəkməsi artıq münasibətlərdə normallaşmanın olduğunu göstərirdi.

İdeoloji mövzuları, radikal qrupların çağırışlarını və eləcə də xarici ölkələrin təsirini nəzərə almasaq, iki ölkə arasında hazırda ciddi bir problem yoxdur. Sirr deyil ki, İkinci Qarabağ müharibəsindən sonra İranda Azərbaycan və ümumilikdə Qafqazla bağlı siyasətdə baxış dəyişikliyi oldu, bu da Azərbaycanla münasibətlərdə gərginlik yaratdı.

Ancaq Azərbaycan öz mövqeyini ortaya qoydu və Tehranla münasibətlərin yeni cizgisini müəyyən etdi. Hazırda ciddi anlaşmazlıq yoxdur. Çünki Tehran da yumşalmaya maraqlı olduğunu göstərdi. Ancaq bu o demək deyil ki, həmişə belə davam edəcək. Azərbaycan-İran münasibətləri dalğalı olacaq və istiləşmə-soyuqlaşma prosesi bir-birini əvəz edəcək”.

Turan Rzayev
Globalinfo.az