İran üçün “qiyamət”ə iki gün qaldı: Azərbaycanlılar regionun taleyini dəyişməyə hazırlaşır

“Brüsseldə azərbaycanlıların keçirəcəyi yürüş İrandakı böyük dəyişikliklər üçün önəmli siqnal olacaq”.

Bu sözlər Azərbaycan Mərkəz Partiyasının sədri, eləcə də martın 25-də Brüsseldə keçiriləcək “Azadlıq və Ədalət” yürüyüşü Koordinasiya mərkəzinin nümayəndəsi Saleh Kamraninin Globalinfo.az-a verdiyi geniş müsahibədə yer alıb.

Kamrani sözügedən yürüşün Güney Azərbaycandakı milli hərəkat tərəfindən tam dəstəkləndiyini bildirib.

O, Brüssel yürüşünün Güney Azərbaycanın taleyi üçün böyük önəm daşıdığını bildirərək, qüzeyli və güneyli hər kəsi etirazlara dəstək olmağa səsləyib:

“Biz burada nə qədər güclü görünsək, sistemin formalaşmasını bir o qədər gücləndirərik. Bu mitinqin yaratdığı xəbərlərin daxildə və xaricdə təsirini düşünün. Eyni zamanda onun assimilyasiyaya məruz qalan insanlara, müxalif cərəyanlara, bizimlə düşmənçilik edən təşkilatlara təsiri nə qədər çox olacaq. Lakin burada yeganə şərt 50 milyon nəfərlik azərbaycanlıya yaraşan formada ortaya çıxmaqdır. Biz bütün gücümüzü istifadə etmişik. Bundan sonrası azərbaycanlıların özlərinə qalıb. Bunun əhəmiyyətini dərk edib, zamanlarından, ailələrindən vaxt ayırıb, üç saatlıq bir aksiyaya qatılmalıdırlar. Biz bilməliyik ki, inqilabın həzinəsi (ağrısı) var. İçəridəki insanlarımızın inqilabı müşayiət etmələri onların ölümü ilə, həbsə getmələri, ciddi sıxıntılar keçirmələri ilə nəticələnir”.

Kamrani artıq indidən azərbaycanlıların Brüsseldə yürüş keçirmək istəyinin dünyanın media orqanlarının diqqət mərkəzinə düşdüyünü bildirərək, Azərbaycan mediasının da bu işdə aktiv olması gərəkdiyini bildirib:

“Demək ki, azərbaycanlılar diqqət mərkəzindədir. Bu diqqət mərkəzinin gözləntiləri minlərlə insanın orada olması ilə yerinə yetirilməlidir. Əgər medialarımız bu vaxta qədər aktiv deyillərsə, indidən aktiv olsunlar. Üç gün aktivlik belə vəziyyəti dramatik şəkildə dəyişdirə bilər. Bu, çox önəmli məsələdir. Mənim Azərbaycan mediasından gileyim var. Çünki taleyimiz bir-birinə toxunur. İran rejimi bir az rahatlayıb və Azərbaycan Cümhuriyyətini təhdid etməyə başlayıb. Razılaşdırılan anlaşma sayəsində Zəngəzur koridoru artıq açılmalıydı ki, buna da İran əngəl törətməyə cəhd edir. Bizim taleyimiz bir-birinə bağlanıb. Azərbaycan milli hərəkatı nə qədər dünyada güclənsə, Azərbaycan Cümhuriyyəti o qədər rahatlayacaq. Digər tərəfdən Azərbaycan nə qədər rahatlanıb, güclənsə Güney də bir o qədər güclənəcək”.

Güneyli milli fəal 25 mart yürüşünə minlərlə insanın qatılacağı təqdirdə bunun bölgənin taleyinin kökündən dəyişməsində böyük addım olacağını söyləyib:

“Minlərlə insan qatılsa, Azərbaycan milli hərəkatı böyük güc kimi dünyanın qarşısına çıxacaq. İndidən Avropa Parlamentinin iki üzvü orada olacağını elan edib. Artıq Ukrayna diasporu da oraya gələcəyini bildirib, çünki onların da müştərək dərdi var. Yəni bu məsələ dünyanın diqqətindədir. Onun üçün bütün azərbaycanlılardan, sizdən də xahiş edirəm ki, bu müsahibəni mediada yayın. Orada olmaq sanki Qarabağ savaşında iştirak etməkdir. İnanın ki, bu, çox önəmli məsələdir. Bu, artıq milli hərəkatda hansısa partiyanın şəxsi məsələsi deyil. Bu, Azərbaycanla birbaşa bağlı olan məsələdir”.

Qeyd edək ki, martın 25-də Brüsseldə “Azadlıq və Ədalət” yürüyüşü keçiriləcək. Mitinq Brüsseldə Place Schuman Parlamentinin önündən başlayacaq və yerli vaxtla 14:00-da start götürəcək, üç saat davam edəcək.

İlkin Həsənov
Globalinfo.az