İran üçün kabusun anonsu verildi: Azərbaycanlılar böyük prosesə başlayır

Güney Azərbaycandan olan soydaşlarımız Brüsseldə genişmiqyaslı etiraz yürüşü keçirməyə hazırlaşır.

Bu barədə məlumat “Azadlıq və Ədalət” yürüşü Koordinasiya Mərkəzindən Globalinfo.az-a göndərilən məlumatda yer alıb.

Məlumatda İrandakı molla rejiminin siyasəti və tətbiq edilən fars şovinizmi sayəsində Azərbaycan türklərinin İranda məhv olma ərəfəsinə gəlib çıxdığı bildirilib. Mərkəz bəyanatında artıq İrandakı teokratik rejimin yerli xalqlar tərəfindən qəbul edilmədiyini yazıb:

“Artıq, islam adı ilə iqtidarlarını təmin edən qüvvələr, İranda yaşayan xalqlar tərəfindən qəbul edilmir. İqtisadiyyatın bərbad durumda olması, insan haqlarının kobudcasına pozulması, qeyri-fars millətlərin assimilyasiyasının sürətlənməsi, ekoloji fəlakətlər, eləcə də rüşvətxorluq və korrupsiyanın bütün sahələrə yayılması, hakimiyyət mənsublarının ailə üzvlərinin mal varlıqlarının qanunsuz olaraq günü-gündən artması, cinayət, fəqr, fəhşa kimi sosial problemlərin adi hal alması – minlərlə bu kimi həlli mümkün olmayan mövzular islam hakimiyyətinin 43 illik fəaliyyətinin acınacaqlı nəticələri, görünən üzüdür”.

Bununla bərabər bəyanatda artıq Azərbaycan türklərinin əvvəlki səhvlərə yol verərək, özünü digər cərəyanların mənafeyinə qurban verməyəcəyi bildirilib:

“Hamıya məlumdur ki, İranda Azərbaycan türklərinin iştirakı olmadan hər hansı bir dəyişikliyin olması mümkün deyil. Azərbaycan türkləri isə artıq özünü digər siyasi cərəyanların mənafeyinə qurban vermək niyyətində deyil. Ona görə də meydana qədəm qoyub, milli tələb və istəklərini dilə gətirir. “Azadlıq, ədalət, Milli Hökumət” Güney Azərbaycan türkləri tərəfindən səsləndirilib və İranda yaşayan digər xalqlara da açıq yol göstərib. Bütün İran xalqları öz müqəddəratını təyinetmə hüququna malik olmadığı təqdirdə, bir-birini dəyişən fərqli geyimli farsmərkəzli şovinizminin diktaturasından qurtarmaq mümkün olmayacaq. Onlar formaca fərqli olsa da mahiyyətcə eyni qüvvələrdir. Molla paltarında deyil, şahçı və ya solçu – islami düşüncəli mücahidlər formasında hakimiyyətə can atan qüvvələr indiki siyasi sistemin yaradıcıları olduğu kimi davamçısı da olmaq istəyirlər. Lakin Azərbaycan türkləri buna heç zaman yol verə bilməz”.

Mərkəz İran hakimiyyətinə qarşı etiraz və azərbaycanlıların öz haqları uğrunda mübarizə üçün bütün Güney Azərbaycan təşkilatlarına müraciət edərək, onları martın 25-də Brüsseldə geniş etiraz aksiyasına toplanmağa çağırıb:

“Martın 25-də hamımız bir nəfər kimi Brüsselə toplanırıq. Harda yaşamağımızdan, harda doğulmağımızdan, siyasi düşüncəmizdən, dini və fəlsəfi baxışımızdan asılı olmayaraq hər birimizin bu etiraz aksiyasında iştirak etməsi vacib və zəruridir. Bütün dünyanın gözü üstümüzdə olduğu bir zamanda, İrandakı hadisələrin böyük güclər tərəfindən təhlil edildiyi məqamda Brüsseldə izdihamlı mitinq keçirməyimiz şərəf və ləyaqət məsələsidir. Bütün təşkilat və qurumlardan mitinqə qatılmalarını xahiş edirik. Dünya mediası ilə yanaşı vətənimizin müstəqil olan hissəsində fəaliyyət göstərən media mənsubları və sivil toplum təşkilatları, eləcə də xalqımızın bütün nümayəndələrinin mitinqdə olması böyük önəm daşıyır”.

Təşkilat yaydığı bəyanatda mitinq üçün görüş yeri kimi Brüsselin Place Schuman Parlamentinin önünü göstərib. Mitinqin yerli vaxtla 14:00-da  başlaması nəzərdə tutulub.

İlkin Həsənov
Globalinfo.az