“İran üçün artıq gecdir, Azərbaycan o addımları atacaq”

Noyabrın 23-də Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və İranın Azərbaycandakı səfiri Abbas Musəvi arasında görüş keçirilib.

İran səfiri ilə XİN mətbuat katibinin görüşü indiki məqamda xüsusi maraq doğurur.

Politoloq Əlimusa İbrahimov Globalinfo.az-a bildirib ki, son günlər İran tərəfindən atılan addımları Azərbaycanla münasibətlərin yumşaldılmasına cəhd kimi qiymətləndirmək olar:

“İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani və dini rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin bəyanatları bu qəbildəndir. Onlar hər ikisi Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi və ortada olan gərginliyin aradan qaldırılması istiqamətində müsbət fikirlər söyləyiblər. Amma görünən odur ki, İran rəsmilərinin bu cəhdləri Azərbaycan dövləti tərəfindən səmimi qəbul olunmur. Yəni Azərbaycan tərəfinin bəyanat və cavablarında İran tərəfinə inamsızlıq ifadə olunur və hesab olunur ki, İran dəfələrlə Azərbaycana qarşı demarşlar edir və sonra bu demarşlardan peşmanlıq çəkərək üzrxahlıq edir”.

Ə.İbrahimovun fikrincə, İranın Azərbaycandakı səfiri Abbas Musəvinin noyabrın 23-də Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tərəfindən qəbul olunmasını da bu inamsızlığın sübutu kimi qiymətləndirmək olar:

“Azərbaycan Prezidenti İlham Əliyevin son günlərdə İrana xəbərdarlıq kimi səsləndirdiyi fikirlər, görünür, hədəfə dəyib və İran Azərbaycanın əlində olan mexanizmlər haqqında xəbərdar olunub. Tehran hazırda çalışır ki, Azərbaycan bu xəbərdarlıqdan o tərəfə keçməsi. Düşünürəm ki, artıq gecdir və Azərbaycan Prezidentinin o bəyanatları səsləndirməsinə əsas vermək lazım deyildi. Bəyanatlar səsləndirilib və addımlar atılacaq, İran artıq gecikib”.

Gülnar Səlimova

Globalinfo.az