İran səfirinin geri çağırılmasının pərdəarxası: Əslində nə baş verib?

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin vaxtından əvvəl vəzifəsindən azad edilməsi ciddi müzakirələrə səbəb olub. Rəsmi Tehran səfirin geri çağırılmasını vəzifədə çalışması və səlahiyyət müddətinin başa çatması ilə əlaqələndirsə də, faktiki olaraq Musəvinin səlahiyyət müddətinin başa çatmasına hələ 5 ay vardı. İRNA-nın dünən yaydığı məlumatda yeni səfirin kimliyi haqda məlumatın olmaması isə A.Musəvinin ciddi pozuntuya yol verməsi səbəbindən tələsik yola salındığını deməyə əsas verir. Bunu səfirə qarşı İranın rəsmi mediasının apardığı kampaniyadan da görmək mümkündür.

Abbas Musəvinin hədəfə gəlmə səbəbi çox maraqlıdır. Səfir bir neçə gün öncə Baku-TV-nin əməkdaşına müsahibə verib. Xanım jurnalist səfirliyə başıaçıq və qısa ətəkdə gəlib. Xatırladaq ki, indiyə kimi belə hal olmayıb. İran səfirliyinə gedən istənilən xanım jurnalist qarşısına başında örpək və uzun geyimdə olur. Rəsmi İran mediası bunu İran qanunlarına təhqir sayır, səfiri bunun qarşısını almadığı üçün ağır formada qınayır.

Bundan başqa, görünür, İran mediasını daha çox müsahibə zamanı Azərbaycan bayrağı narahat edib. Hətta “Tasnim”in yaydığı tənqidi materialda azərbaycanlı jurnalistin rəsmi şəxs olmadığını və onun İran səfirliyində müsahibə alarkən Azərbaycan bayrağının qoyulmasını diplomatik etiket qaydalarına zidd olduğu qeyd edilib.

Globalinfo.az-a danışan siyasi şərhçi Vüqar Zifəroğlu deyib ki, İran Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında Seyid Abbas Musəvinin diplomatik missiyasının başa çatdığı və razılaşmaya əsasən İranın yeni səfirinin Azərbaycana göndəriləcəyi bildirilib.

V.Zifəroğlu İranın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda Musəvinin diplomatik missiyasının ötən il başa çatdığını qeyd etdiyini vurğulayıb:

“Hər halda, Tehranın səfir dəyiṣikliyinə rəsmi münasibəti bu cürdür. Lakin səfirin səlahiyyət müddətinin başa çatmasına hələ 5 ay qalmış geri çağırılması düşünməyə əsas verir. Bu dəyiṣikliyə təkan verən amillərdən biri məhz bu müsahibədir. Bildiyiniz kimi, sözügedən müsahibə ilə bağlı səfir ciddi şəkildə tənqid hədəfinə çevrildi və artıq bir neçə gündür ki, Abbas Musəviyə qarşı İranın rəsmi mediası kampaniya aparırdı. Onu Bakıdakı səfirlik binasında müsahibə verərkən, xanım jurnalistin geyimi və Azərbaycan dövlət bayrağı ilə bağlı tənqid edirdilər, istefaya çağırırdılar. Hətta “Təsnim” informasiya agentliyi də “Abbas Musəvinin bu kobud səhvə görə və müsahibəsində İran İslam Respublikasının mövqelərini layiqincə müdafiə edə bilmədiyi üçün öz yerini bölgə ölkəsi ilə incə münasibətlərdə bu səhvlərdən azad olan başqa bir şəxsə verəcəyini” yazdı. Göründüyü kimi, bu, belə də oldu”.

İran Bakıdakı səfirini bu fotoya görə geri çağırıb - Editor.az

Seyid Abbas Musəvi Baku TV-yə müsahibə verir

Siyasi şərhçi başqa bir məqama da toxunub:

“İranla Azərbaycan arasında son aylar müəyyən razılıqlara gəlindiyi deyilir. Bu barədə rəsmi açıqlamalar verilir. Hətta Tehranda səfirliyimizin fəaliyyətinin bərpa ediləcəyi bildirilir. Görünür, Tehran, ələlxüsus Ermənistan-Qərb münasibətləri və İranın bu yaxınlaşmaya narazı mövqeyi fonunda Cənubi Qafqaz siyasətinə müəyyən korrektə etmək zamanı çatdığını anlayıb. Yenə də ümid edək ki, bu, belə də olar. Səfir dəyişikliyini bu mənada da şərh etmək mümkündür. Müsahibə ilə bağlı narazılıq isə bu dəyiṣikliyin sürətlənməsinə təkan verib”.

Xatırladaq ki, bundan öncə İranın Avropadakı səfirləri də eyni səhvə görə cəzalandırılmışdılar.

Zaira Akifqızı
Globalinfo.az