WhatsApp Image 2025 06 24 at 15.05.47

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif farsdilli xalqlar arasında mədəni və sivilizasiya əməkdaşlığını gücləndirmək məqsədilə “Farsdilli ölkələr və regionlar birliyi”nin yaradılmasını təklif edib.

Bu, Rusiyanın postsovet məkanı ilə bağlı “rus dilli xalqlar, rus dilində danışanları müdafiə etmək” taktikasını xatırladır. Moskva bu yolla müxtəlif ölkələrin ərazisində rus dilli əhalinin təhlükə altında olduğunu bildirərək müəyyən addımlar atmağa çalışırdı.

Tehranın bu qərarı nəyə hesablanıb? Addımın hədəfi nədir? Hədəf Azərbaycan ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İran rəsmilərinin farsdilli xalqlar arasında birlik və həmrəyliyi təbliğ etməsi göstərir ki, Tehran qonşu ölkələrdə fars dili və mədəniyyətinə yaxın etnik qruplarla mədəni əlaqələri genişləndirməyə çalışır:

“Təbii ki, bu siyasətin hədəflərindən biri Azərbaycan da ola bilər. İranın bu yanaşması ilk növbədə regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə deyil, qonşu dövlətlərin daxili proseslərinə təsir göstərmək cəhdinə çevrilə bilər. Belə təşəbbüslər etnik və dil faktorlarının siyasiləşdirilməsi və cəmiyyətlər arasında qarşıdurma meyllərinin gücləndirilməsi baxımından ciddi narahatlıq doğurur.

Bu baxımdan Rusiyanın xaricdə yaşayan rusdilli əhalinin müdafiəsi məsələsini xarici siyasət alətinə çevirməsi ilə müəyyən paralellər aparmaq mümkündür. Rusiya uzun müddət bu amildən qonşu dövlətlərə təzyiq mexanizmi kimi istifadə edib. İranın da farsdilli və fars mədəniyyətinə yaxın qruplarla əlaqələri siyasi təsir vasitəsinə çevirməsi region üçün arzuolunmaz presedent yarada bilər.

Azərbaycan baxımından əsas məsələ fars mədəniyyətinin və dilinin təbliği deyil, etnik və mədəni faktorların siyasi məqsədlər üçün istifadəsidir. Əgər bu yanaşma qonşu ölkələrdə yaşayan müəyyən qrupların siyasiləşdirilməsinə və dövlətlərin daxili işlərinə müdaxiləyə gətirib çıxararsa, bu, regional təhlükəsizlik üçün ciddi təhdid yarada bilər”.

mehemmed esedullazadeee 900x574 1
Məhəmməd Əsədullazadə

Politoloq qeyd edib ki, İranın xüsusilə hərbi-siyasi dairələrinin, o cümlədən SEPAH-ın regional siyasətdə ideoloji və geosiyasi amillərdən fəal istifadə etdiyi görünür:

“Bu baxımdan fars millətçiliyi üzərindən regional təsirin genişləndirilməsi cəhdləri Azərbaycan tərəfindən diqqətlə izlənilməli və belə siyasətin etnik qarşıdurmaya çevrilməsinə imkan verilməməlidir.

Qonşu ölkələrin etnik və dil faktorlarının siyasi təsir alətinə çevrilməsi nə regional sülhə, nə də xalqlar arasında dostluq münasibətlərinə xidmət edir. Əksinə, bu cür yanaşmalar regionda qarşılıqlı etimadı zəiflədə və yeni gərginliklər üçün zəmin yarada bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: