İran-Rusiya yaxınlaşması Azərbaycana təhlükə yaradır?

Son günlər Rusiya-İran münasibətlərinin inkişaf dinamikası artıb. Rəsmi Moskva Tehran ilə Qərbin sanksiyalarına qarşı birgə mübarizə aparmaq qərarına gəlib. Hətta tərəflər sanksiyaların yarılması istiqamətində təcrübələri bölüşmək barədə anlaşma da imzalayıb.

Bəzi ekspertlər hesab edir ki, İran-Rusiya yaxınlaşması Azərbaycan üçün risklər yaradır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Rusiya və İran bir çox məsələdə ortaqlıq nümayiş etdirir:

“Bu ilk belə hadisə deyil. Məsələ ondadır ki, Qərb Rusiya və İrana qarşı eyni anda paralel sanksiya tətbiq edir. Belə olan təqdirdə hər iki ölkənin bu sanksiyalara müqavimət göstərməsi, habelə, eyni mövqedən çıxış etməsi anlaşılandır.

Hazırda iki ölkə münasibətlərinin yaxşı olmasına baxmayaraq, deyə bilərəm ki, Rusiya və İran regionda iki rəqib ölkədir. Belə ki, tarixi aspektdən də baxdıqda Rusiyanın geosiyasi maraqları və Cənubi Qafqaz siyasəti İranı narahat edib. İranın da Rusiyanın təsiri azaldığı təqdirdə Cənubi Qafqazda nüfuzunu artırmaq istəməsi Moskvanı əndişələndirir.

Hesab edirəm, Rusiya və İranın münasibətlərinin normallaşması Azərbaycan üçün təhdid yaratmır. Xüsusilə qeyd edim ki, bu iki ölkənin yaxınlaşması nisbidir. Onların bir-birinə qarşı ehtiyatlı yanaşması Azərbaycanı təhdid elementlərindən uzaq edir”.

Turan Rzayev
Globalinfo.az