İran regionu qana bulayır: İsrailə bir gecədə 500 raket, Azərbaycana isə…

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri qarşı tərəfdə cavab zərbələri endirib.

Mayın 10-u axşam saatlarından mayın 11-i səhər saatlarına qədər Qəzza zolağından İsrailə 507 raket və minaatan mərmisi atılıb. İsrail ordusu isə Fələstindəki “İslami Cihad”a məxsus 158 obyektə zərbələr endirib.

Nə baş verir?

Prinsip etibarilə həm Ermənistan-Azərbaycan, həm də Fələstin-İsrail münaqişəsi hazırda dünyanın ən aktiv və gərgin konfliktləri hesab edilir. Münaqişələrin motivi və həlli istiqamətində aparılan danışıqların formatı fərqli olsa da, hazırkı gərginlik arasında bağlantı var.

Məsələ ondadır ki, rəsmi Bakı və Təl-Əvivin son zamanlar bir-birinə bu qədər yaxınlaşması, münasibətlərin strateji tərəfdaşlıq, hətta müttəfiqlik səviyyəsinə qaldırmasından narahat olan ölkələr var. Bu ölkələrin başında isə şübhəsiz, İran dayanır.

Tehran Azərbaycan-İsrail əməkdaşlığının ona qarşı çevrilməsindən ehtiyat edir və buna görə də hər iki ölkəni özündən uzaq tutmaq üçün süni gərginlik yaradır. İsrailə bir gecədə Qəzza zolağından 507 raketin atılması və ya Ermənistanın Azərbaycana qarşı təxribat həyata keçirməsi buna dəlalət edir.

Tehranın izləri

İstər İsrail-Fələstin, istərsə də Ermənistan-Azərbaycan sərhədində baş verən gərginliyin pərdəarxasında İran dayanır. Bunu təsdiq edən ən önəmli fakt isə təxribatlar zamanı istifadə edilən silahlardır.

Misal üçün, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində İrana məxsus PUA-ları havaya qaldırıb.

Qəzza zolağından İsrailə atılan raketlərin də İrana məxsus olduğu məlumdur.

Aydın məsələdir ki, bu münaqişələrin vaxtaşırı alovlanması təkcə İranla bağlı deyil, lakin indiki məqamda Tehranın maraqlarına uyğundur. İran proksimübarizə üsulları ilə həm İsrailin, həm də Azərbaycanın başını qatmaq istəyir. Bunun üçün isə həm Ermənistana, həm də Yaxın Şərqdəki radikal qruplarına silah-sursat, maliyyə yardımı edir.

Turan Rzayev
Globalinfo.az