İran Məhərrəm ayında Azərbaycanda nəyə hazırlaşır? – “Qarşısı alınacaq!”

Məlum olduğu kimi, Ramazan bayramında ölkədə ikitirəliyin yaşanmasında bəzi axundların da rolları oldu. Qarşıdan Məhərrəmlik gəlir. Bu mərasimlərdən də İran istifadə edir. Ümumiyyətlə, İranın din faktorundan yararlanıb ölkəmizdə təxribatlar törətməsinin qarşısını yalnız Daxili İşlər Nazirliyi (DİN), Dövlət Təhlükəsizliyi Xidməti (DTX) almalı deyil. Burada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin də məsuliyyət payı, vəzifə öhdəliyi var.

Bəs Komitə vəzifəsinin öhdəsindən gələ bilirmi?

Globalinfo.az Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da, qurumdan nə zəngə, nə də mesaja baxılıb. Maraqlıdır, axundlarla bağlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi hansı addımı atır? Ümid edək ki, Komitədə suallarımızı cavablandıracaq məsuliyyətli şəxs tapılar.

Əkrəm Həsənov

Mövzu ilə bağlı saytımıza açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Əkrəm Həsənov deyib ki, Ramazanın bitməsi hər zaman müzakirə olunub.

O bildirib ki, demək olar ki, hər bir Azərbaycan vətəndaşı Ramazan bayramında birlik nümayiş etdirib:

“Düzdür, burada istisna hallar da oldu. Təəssüf ki, bu il də İrana bağlı qüvvələr sosial şəbəkələrdə insanları çaşdırmağa cəhd etdilər. Guya Ay gözlə görünməyib. Rəsədxananın açıqlamasına baxmayaraq İran burada olan adamları vasitəsilə yenə də ikitirəlik yaratdı.

Amma ümid edək ki, Məhərrəm ayında təxribatlara əl atmazlar. İnanıram ki, aidiyyatı qurumlar bununla bağlı ciddi tədbirlər görmüş olacaqlar. Qafqaz Müsəlmanları İdarə (QMİ) və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi öncədən insanlara təlimatlarını çatdırmalıdırlar. Məsələnin digər tərəfini isə DİN və DTX həll edir. Hər bir qurum öz funksiyasını yerinə yetirir. Əgər bu il də Məhərrəmlik ayında təxribat xarakterli iş olarsa, mütləq ki, onlar barəsində ciddi tədbirlər görüləcək”.

Ə.Həsənov deyib ki, Azərbaycanda ikitirəlik yaratmaq İranın köhnə adətidir:

“İran hər zaman Azərbaycanda insanlar arasında ayrı-seçkilik yaratmaq və təxribat törətmək üçün bəzi vasitələrindən istifadə edib. Din pərsdəsi altında Azərbaycanda təxribatlar törədir, fitnə-fəsad yayırlar. Əsasən də Ramazan və Məhərrəmlik ayında insanlar arasında problem yaradır. Vaxt keçdikcə İranın bu təsirləri tamamilə aradan qaldırılacaq. Sadəcə bir qədər zamana ehtiyac var”.

Zaira Akifqızı
Globalinfo.az