Sinvar Haniyənin planını həyata keçirməyə hazırlaşır

HƏMAS Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvar atəşkəs və girovların azad edilməsi ilə bağlı İsraillə razılığa gəlməkdə maraqlı olduğunu bildirib. Sinvar bunu İran ətrafında vəziyyət gərginləşməmişdən əvvəl etməyin vacib olduğunu vurğulayıb.

O, Qəzza zolağından kənarda yerləşən hərəkat rəhbərliyinin nümayəndələrinə uzun ismarış göndərib. İsmarışda onları İranın mümkün hücumundan əvvəl İsraillə atəşkəslə bağlı razılığa gəlməyə çağırıb.

HƏMAS-ın öldürülən keçmiş lideri İsmayıl Haniyə də İsrail ilə razılığın əldə edilməsində maraqlı idi. Hətta iddia edilir ki, o, məhz buna görə İran tərəfindən sui-qəsdlə aradan götürülüb.

HƏMAS girovların azad edilməsi ilə bağlı İsraillə razılığa gələ biləcək? İranın buna reaksiyası necə olacaq?

Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, atəşkəs indi hamıdan çox HƏMAS-a lazımdır:

“Çünki Qəzzada vəziyyət dramatikdir. Ölənlərin sayı 40 min nəfəri ötüb, zolaq dağılıb. Buna görə də atəşkəs hava-su kimi lazımdır. HƏMAS yaxşı bilir ki, uzunmüddətli müharibə fələstinlilər üçün fəlakət deməkdir. O ki qaldı danışıqlara, HƏMAS hələ 2017-ci ildə qurultay zamanı nizamnamə və proqramında dəyişiklik edərək İsraillə danışıqlara getmək üçün hüquqi baza yaradıb. Yəni danışıqlar yolu bağlı deyildi.

Əlbəttə, İran HƏMAS və digər Fələstin hərbi siyasi qruplarını İsrailə qarşı savaşı dəstəkləyir, amma indi HƏMAS-ın atəşkəsə getməsi İranı İsraillə müharibədən daşındırar. İsmayıl Haniyənin İran tərəfindən öldürülməsi əsasən İranla regional rəqabətdə olan ölkələrdə ortaya atılıb.

Kənan Rövşənoğlu

İranın Haniyəni məhz öz ərazisində öldürməsi, obrazlı desək, öz ayağına güllə atmaqdır. Əgər İran Haniyəni öldürüb, İsraili ittiham edib, sonra İsrailin qarşısında geri çəkiləcəksə, o zaman bunun məntiqi hardadır? Yəni hardan baxsan, məntiqsizdir.

Əlbəttə, Haniyə sui-qəsdinə İran daxilində yardım edənlər olması ehtimalını da gözardı edə bilmərik. Ancaq dediyim kimi, İranın Haniyəni öldürməsi iddiası məntiqsizdir. Hər kəs görür ki, İran İsraillə müharibədən qaçır, o halda nədən Haniyənin qətlini həyata keçirib, sonra bu vəziyyətə düşür? Məncə, HƏMAS-ın atəşkəsə getməsi ən çox İrana sərf edir”.

Turan Rzayev
Globalinfo.az