İrana həssas yerindən zərbə endirildi – Rejimin dayaqları belə çökdürülür

Son iki gün ərzində Azərbaycan İrana və İranın ölkəmizdəki agentura şəbəkəsinə ciddi zərbələr vurdu:

Birincisi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirdi.

İkincisi, İran səfirliyinin 4 əməkdaşı Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildi və 48 saat ərzində ölkəni tərk etmələri tələb olundu.

İranın Azərbaycanda casus şəbəkəsinə bu ölkənin səfirliyi tərəfindən dəstək verildiyi fikri həmişə olub. Keçirilən son əməliyyatlar isə sadəcə bunun rəsmi şəkildə elan edilməsidir.

İran səfirliyinin ifşası

Bu istiqamətdə ilk ciddi əməliyyat ötən ilin noyabrında baş tutdu. DTX-nın keçirdiyi əməliyyat nəticəsində İran səfirliyinin bu kimi fəaliyyətinə dair faktları ortaya çıxardı. Əməliyyat sonrası verilən rəsmi məlumatda açıq şəkildə bildirilmişdi ki, “İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşmanın üzvləri Azərbaycana lazım olan təbliğat vasitələrini çatdırmaq üçün İran səfirliyinin avtomobilindən istifadə ediblər”.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşlarının keçirdiyi son birgə əməliyyat nəticəsində isə İranın Azərbaycandakı agentura şəbəkəsinə lazım olan təbliğat vasitələrini təmin edən şəxslərin adı müəyyənləşdi. Söhbət Azərbaycanın arzuolunmaz şəxs elan etdiyi və 48 saat ərzində ölkəni tərk etmələrini tələb etdiyi İran səfirliyinin əməkdaşından gedir. Mümkündür ki, əslində həmin 4 şəxsin kimliyi hələ ötən ilin noyabr ayında DTX-nın keçirdiyi əməliyyatlar zamanı bəlli olmuş, sadəcə onların “persona-non-qrata” elan edilməsi üçün faktların toplanması baxımından bir müddət gözlənilmişdi.

İran səfirliyinin 4 əməkdaşının adını deyən şəxs

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslər arasında bir şəxs xüsusilə diqqət çəkir. Söhbət 1955-ci ildə Astara rayonunda anadan olan Axundzadə Rufulla Höccətullah oğlundan gedir.

Bu şəxs 1995-ci ildə İranla əlaqələrinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilən İslam Partiyasının sədr müavini olub. 2011-ci ildə Rufulla Axundzadə yaşadığı evdə axtarış aparılarkən həyətindəki saxlanc yerindən müxtəlif təyinatlı silah-sursat aşkarlanıb.

Rufulla Axundzadə “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıq aldığını da etiraf edib. Mümkündür ki, o bu etirafı edərkən tapşırıq aldığı şəxslərin də adını etiraf edib.

Rufulla Axundzadənin arzuolunmaz şəxs elan edilən İran səfirliyinin 4 əməkdaşı barədə də informasiya verməsi mümkündür.

İran mediasının “reaksiyası”

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat hazırda İran mediasında geniş şəkildə tirajlanır.
Ənənəvi olaraq bu hadisə də Azərbaycanın guya dinə qarşı tədbirlər görməsi kontekstində təqdim edilir, etməyə çalışır.

Əslində İran mediasının məsələni bu qədər geniş şəkildə tirajlaması və yer verməsi rəsmi Tehranın son əməliyyatlardan ciddi şəkildə narahat olduğunu göstərir. Bu narahatlıq da əbəs deyil:

Birncisi, İran şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyatlar Tehranın əl-qolunu bağlayır. Agentura şəbəkəsinin üzvlərinin bir-bir ifşa edilməsi molla rejiminin ideoloji təsirində olan bir çox insanın Tehrana qarşı məsafəli olması ilə nəticələnə bilər.

İkincisi, İran səfirliyin əməkdaşlarının agentura şəbəkəsini koordinasiya etməsi faktı artıq bəllidir və rəsmi Bakı bunu əsas gətirib bütövlükdə İranın diplomatik korpusunu ölkədən çıxara bilər. Bu isə İran agentura şəbəkəsi ilə koordinasiyanın kəsilməsi deməkdir.

Üçüncüsü, rəsmi Bakı İran səfirliyinin 4 əməkdaşı Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona-non-grata” elan etdi. Bu həm də digər səfirlik əməkdaşlarını, habelə səfirliyin xidməti maşınlarının yoxlanmasını leqallaşdırır.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı