İran “casus” kimi tutduğu azərbaycanlı qadını psixiatriyaya köçürüb

2022-ci ilin dekabrında casusluq ittihamı ilə İranda həbs edilən Azərbaycan vətəndaşı Validə Yusifova Tehranın Evin həbsxanasından psixiatriya xəstəxanasına köçürülüb.

Globalinfo.az haqqın.az-a istinadən bildirir ki, bu barədə IranWire-a Yusifovanın anası bildrib. O, qızına həbsxanada işgəncə verildiyini açıqlayıb.

31 yaşlı Yusifova Türkiyədən qayıdandan sonra həbs edilib. O, əvvəlcə şəxsiyyətini təsdiq edən sənədləri düzgün saxlamamaqda ittiham edilib, sonra isə narkotik saxlamaq və casusluqda ittihamı irəli sürülüb.

Yusifovanın anası IranWire-ə müsahibəsində bildirib ki, bir müddət qızı Tehrandakı Evin həbsxanasında karserdə saxlanılıb. Saxlanıldığı müddətdə o, ailəsindən tamamilə təcrid olunub və hüquqi yardımdan məhrum edilib.

Validə anası ilə sonuncu telefon danışığı zamanı həbsxana nəzarətçiləri və müstəntiqlərinin ona zorla psixotrop dərmanlar vurmasından şikayətlənib. Qız anasından məruz qaldığı işgəncə və təhqirləri ictimailəşdirməsini xahiş etdikdən sonra söhbət qəfil kəsilib.

Yusifovanın anasının dediyinə görə, zorla ona verilən dərman perepartalarından və həbsxana nəzarətçiləri tərəfindən təzyiqlərdən Validəyə psixoloji problemlər yaşadıb. Sonda psixiatriya xəstəxanasına yerləşdirilib.

İyun ayında vəkildən istifadə hüququndan məhrum edilən Validə Yusifova Əbülkasım Salavatinin sədrliyi ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qarşısına çıxarılıb.

Hakim Azərbaycan vətəndaşına narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı üzrə bəraət verib, lakin heç bir sübut təqdim etmədən casusluq ittihamını qüvvədə saxlayıb.

Məhkəmə başa çatandan sonra Validə yenidən dindirilib, sonra müstəntiqlər ona qarşı irəli sürülən bütün ittihamların götürüldüyünü və tezliklə azadlığa buraxılacağını bildiriblər. Eyni zamanda, İslam Respublikasının hüquq və hüquq-mühafizə orqanlarının nümayəndələri Yusifovanın anasına qızının işinə qarışmaqdan çəkinməyi tövsiyə ediblər.

Bunun ardınca İran-Azərbaycan münasibətlərində növbəti gərginlik yaranıb, nəticədə Tehran hakimiyyəti vədlərinə əməl etməyib və Yusifovanı həbsdə saxlayıb.

“Hər dəfə İranla Azərbaycan arasında gərginlik artdıqca müstəntiqlər və həbsxana nəzarətçiləri qızımı alçaldıblar”, – Yusifovanın anası IranWire-ə müsahibəsində şikayətlənib. “Onlar dəfələrlə onun telefonla danışmaq hüququndan məhrum edib və Validəyə ağır işgəncələr veriblər”.

Onun sözlərinə görə, son illər Validə qarşı davam edən zorakılıqlar səbəbindən onun fiziki və psixi vəziyyəti kəskin şəkildə pisləşib.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 8-də yazdığı məktubda Validə Yusifovanın anasını İranın Azərbaycandakı səfirliyi vasitəsilə işə baxılacağına inandırsa da, görünür, heç bir nəticə əldə olunmayıb.

Yeri gəlmişkən, Validə Yusifova İranda casusluq ittihamı ilə saxlanılan yeganə Azərbaycan vətəndaşı deyil. Bundan əvvəl bu ilin martında İrana səfərdən sonra itkin düşən azərbaycanlı tələbə Fərid Səfərli yerli təhlükəsizlik qüvvələrinin qurbanı olub.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə yaxın İran mediasının məlumatına görə, Fərid Səfərli casusluqda ittiham olunur.