İranın Azərbaycana hədəsi, Ərdoğanın Zəngilana səfəri – SEPAH-ın təlimlərinə tutarlı cavab TƏHLİL

Ötən il Füzuli aeroportu açılan ərəfədə İran Azərbaycanla sərhədə hərbi texnika yığdı. Bizə hədə-qorxu gəlməyə başladı. İndi də Zəngilan hava limanının açılış ərəfəsidir. SEPAH Araz boyu hərbi təlimlərə başlayıb. Təsadüfdür, ya deyil, birmənalı fikir bildirmək istəmirəm.

2021-ci ilin oktyabr ayında Füzuli aeroportunun açılışında Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Zəngilan hava limanının açılışında da onun iştirakı gözlənir. Prezident Ərdoğan oktyabrın 20-də Azərbaycana gəlir. Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib ki, Ərdoğan Zəngilan rayonuna gedəcək. Orada Azərbaycan Prezidenti İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü olacaq. Türkiyə qardaş ölkədir. Həm də NATO dövlətidir.

İsrail-Azərbaycan dostluq-tərəfdaşlıq münasibətləri fonunda Tel-Əvivlə Ankaranın barışması Tehranın ovqatını təlx edən amillər sırasında yer tuta bilər. İsrail müdafiə nazirinin 15 gün öncə Bakıya səfərini də yadda saxlayaq.

Amma bütün bu proseslər İranın əleyhinə deyil. Azərbaycan heç vaxt öz ərazisindən cənub qonşusuna qarşı istifadə edilməsinə imkan verməyib. Bu, prezident İlham Əliyevin siyasətinin əsas prinsiplərindəndir.

Sadəcə qonşu xain olanda daim ətrafa xoflu davranır. Azərbaycanı özünə ən ciddi, ən böyük təhdid görür İran. Azərbaycan sözünün özü belə bu dövlətin rəhbərliyini hər zaman rahatsız edib. İranda etirazlar başlayanda, xalq küçələrə çıxanda milli yaddaş var gücü ilə ortaya çıxır. O yaddaş şüar, hayqırtı şəklində İran iqtidarlarını diksindirir. “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun”, “Azadlıq, ədalət, milli hökumət”, “Azərbaycan var olsun, istəməyən kor olsun!”. və s. belə şüarlar boşuna deyil. Bu, ikiyə bölünmüş bir millətin qan yaddaşıdır. O yaddaş heç vaxt yatmadı, mürgüləmədi, hər fürsətdə ortaya çıxdı – şifahi ədəbiyyatdan yazılı ədəbiyyata kimi, gizli dərnəklərdən legitim siyasi təşkilatlara qədər, otaqlardan meydanlara kimi yayıldı, deyildi, xatırladıldı. İkiyə bölünmüş Azərbaycanın folklorunda, poeziyasında, nəsrində, siyasətində, mediasında Güney-Quzey mövzusu aktuallığını itirmədi. İranın siyasi, dini, hərbi hakimiyyətini narahat edən də budur.

44 günlük Vətən müharibəsini qələbə ilə başa vurduqdan sonra Tehranın rahatsızlığı daha da artıb. Azərbaycanın quzeyi sürətlə böyüyür. İşğaldan azad edilmiş torpaqlarda quruculuq-bərpa işləri gedir. Ən ciddi mövzulardan biri Zəngəzur dəhlizidir. Bu prosesdən sonra azərbaycanlıların əsas hədəfi Güneylə Quzeyin birləşməsi olacaq. Bu perspektiv Tehranı aqressivləşdirir, Azərbaycanı hədələməyə məcbur edir.

Əslində İran Ermənistanı müdafiə etmir. Özünü Azərbaycan xalqının Bütöv Azərbaycan məfkurəsindən sığortalamağa çalışır. Bilir ki, enində-sonunda bu məfkurə reallaşacaq. Sadəcə bunu uzatmaq üçün əlindən nə pislik gəlirsə,  yapmaqdan çəkinmir.

Bu baxımdan Ermənistanın bizimlə dirəşməsi, torpaqlarımızın bir qisminin uzun illər işğal altında qalması, sülh sazişinin mümkün qədər gec imzalanması İrana çox lazımdır.

Vətən müharibəsində Ordumuzun Zəngilanı işğaldan azad edərkən İran silahlı qüvvələrinə məxsus bölüyün ərazimizə girməsi təsadüf deyildi. İran açıq şəkildə Ermənistan ordusuna dəstək verib. Sadəcə Ordumuzun qətiyyəti sayəsində bu çirkin istəyi, xain əməli axıra kimi baş tutmayıb.

Günlər keçdikcə İranın hədələri daha da artır. İran rejimi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə təhdid edir.

İran İnqilabının Keşikçiləri Korpusu oktyabrın 17-də SEPAH-ın Quru Qoşunlarının Azərbaycanla sərhədə canlı qüvvə, zirehli texnika, Araz çayından keçmək üçün üzən körpülər və digər hərbi qurğular göndərib.

Bununla da, SEPAH Azərbaycanı hədələyərək mesaj verir ki, İran ordusu hər an Araz çayı üzərindən keçərək dost, müsəlman, qonşu, eyni dil, din və mədəniyyətin daşıyıcısı dediyi bir ölkəyə hərbi təcavüz etmək üçün hazır vəziyyətə gətirilib.

Bu dəfə İran hədələrinin ünvanın daha da konkretləşdirib, təhdid miqyasını xeyli artırıb. Açıq şəkildə Azərbaycanı müharibə ilə hədələyir. Bəs bizim cavabımız nə olacaq? İranın bu hədələrinə nə şəkildə cavab verəcəyik?

Rəsmi Bakı İranla münasibətlərdə hər zaman korrekt davranmağa üstünlük verib. Qonşuluq, dindaşlıq prinsiplərinə sadiqliyini qoruyub. Lakin İslam Respublikası hədə tonunu artıranda, sərhədimizə qoşun yığanda ona sərt və net dildə cavab vermişik. Bu dəfə də belə olacaq. Olması lazım.

İranın bu davranışları Qərbdə də həyəcanla izlənməmiş deyil. Azərbaycan Avropa Birliyinin, ABŞ-ın strateji tərəfdaşıdır. Bu ölkənin İran tərəfindən belə açıq hədələnməsi Qərb dairələrini rahatsız etməyə bilməz. ABŞ və Avropa Birliyi İranın aqressiv rəftarının qarşısının alınması üçün Azərbaycana bu və ya digər formada dəstək verəcək.

İranın ərazimizə hücumu Tehranın Türkiyəni qarşısına alması demək olar. Çünki Türkiyə həm mənəvi-siyasi olaraq Azərbaycanı bütün növ hərbi aqressiyalardan müdafiə edəcəyinə dair vaxtaşırı bəyanatlar səsləndirir, həm də Şuşa Bəyannaməsi Ankaraya bu addımı atmaqda hüquqi əsaslar verir.

Rusiya da İranın Azərbaycana olası hücumuna biganə yanaşmayacaq. Düzdür, hazırda Rusiyanın başı özünü saldığı bataqlıqdan çıxarmağa qarışıb. Ancaq Azərbaycanın İran tərəfindən hədələnməsi, ərazimizə soxulmaq cəhdi Moskvanın arzulamadığı perspektivdir.

Azərbaycanın bu bölgədə müttəfiqləri heç vaxt imkan verməz ki, İran torpaqlarımıza soxulsun. Başda Türkiyə, İsrail, Pakistan olmaqla sağlam təməllərə dayanan əməkdaşlıq maraqları İran rejiminin hədə dişlərini sındırmağa yardım edəcək. Mənəvi, siyasi və hərbi baxımdan nimdaşlamış, çökmüş bir rejimin sonu bəlkə də elə Azərbaycanla bağlı olacaq. Ortada sındırılmış, çökdürülmüş Ermənistan nümunəsi var. Azərbaycanla savaş aparıb, sonda məğlub olan bir ölkə, bizə hücuma həvəslənən bir başqa ölkəyə görk olmalıdır.

Azər AYXAN, Əməkdar jurnalist

Globalinfo.az