İran agentləri bir-bir zərərsizləşdirilir: Bəs digər ölkə agentləri?


Son aylar Azərbaycanda davamlı olaraq İran agenturasının zərərsizləşdirilməsi əməliyyatları keçirilir. Bu proses hər nə qədər müsbət olsa da, yalnız bir ölkənin agentura şəbəkəsi ilə məhdudlaşması suallar yaradır. Çünki ölkəmizdə təkcə İran agenturası deyil, həm də Rusiya, Səudiyyə Ərəbistanı və Qərb ölkələrinin müxtəlif adlar altında fəaliyyətdə olan agentlərinin olmasına dair iddialar var.

Maraqlıdır, bu agentləri necə zərərsizləşdirmək olar? Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin pozulması fonunda həmin ölkənin agentlərinin həbs edilməsi nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İran agentura şəbəkəsinin aşkarlanıb məhv edilməsi müsbət tendensiya olsa da, bu proses yarımçıq qalmamalıdır:

“Məsələ ondadır ki, proses digər ölkələrin də agentlərinin aşkarlanması və həbs edilməsi ilə davam etməlidir.

Aydın məsələdir ki, hər ölkənin başqa ölkədə kəşfiyyat xarakterli fəaliyyəti olur və bir çox halda bu normal qəbul edilir. Həmin ölkələr də bunun fərqində olur.

Ölkələrarası münasibətlərin pisləşməsi fonunda agentlərin deşifrə edilməsi və sıradan çıxarılması hallarına tez-tez rast gəlinir. İran agenturasının çökdürülməsi istiqamətində görülən işlər də müəyyən mənada bununla bağlıdır. Real yanaşmaq lazımdır ki, bu köklü sistem uzun illər idi ki, dövlətimiz üçün bir vəba halını almışdı. Xalqı zəhərləmək və dövlət əleyhinə qaldırılan agentura şəbəkəsinin hazırda çökdürülməsi müsbət haldır”.

Politoloqun sözlərinə görə Rusiyanın, S.Ərəbistanın, Qərb ölkələrinin agentlərindən dövlətin xəbəri var:

“Əgər bu gün bu şəxslərə dəyilmirsə, mütləq səbəbi var. Agentlər heç də hər zaman təhlükəli olmur. Prinsip etibarilə səfirlik və konsulluq nüməyəndələrinin bir vəzifəsi də ölkələrinə çalışdıqları ölkə ilə bağlı informasiya ötürməkdir. Belə baxdıqda bu da agentlikdir, lakin buna müdaxilə edilə bilmir.

Hesab edirəm, hazırda ölkəmizdə fəaliyyət göstərən agentlərin bir çoxunun ifşa edilməməsi sırf dövlətlərarası məsələ ilə bağlıdır. Bu isə normal haldır”.

Turan Rzayev
Globalinfo.az