ABŞ Prezidenti Donald Tramp İranla razılaşma sənədinin imzalanma mərasiminin həftəsonu Avropada keçirilə biləcəyini və orada vitse-prezident Cey Di Vensin iştirak edəcəyini söyləyib. İran tərəfi isə sazişin imzalanacağı məkan və tarixlə bağlı yayılan məlumatları mətbuat spekulyasiyası adlandırıb.
Sazişin İranın vəfat etmiş ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminə qədər, yaxud Məhərrəm ayında imzalanması mümkündür? Görüşün məkanı Avropa ölkələrindən biri və ya başqa bir dövlət ola bilərmi?
Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, İran tərəfi indiyədək ABŞ-ın irəli sürdüyü ilkin şərt və tələblərlə tam razılaşmayıb:
“Məsələn, ABŞ danışıqların Türkiyədə keçirilməsini istəyirdisə, İran buna etiraz edir və Pakistan, yaxud Oman kimi alternativ məkanlar təklif edirdi. Yəni Tehran Vaşinqtonun bütün təkliflərini qəbul etmir. İran hesab edir ki, prosesdə vasitəçi və ya üçüncü tərəf iştirak edəcəksə, o, müstəqil olmalı və ABŞ-ın yaxın müttəfiqi kimi qəbul edilməməlidir.
Donald Tramp prosesi sürətləndirməyə çalışır. Ona qısa müddətdə nəticə lazımdır. Lakin düşünmürəm ki, İran tərəfi tələsik qərar qəbul etsin. Məhərrəmlik ayı artıq başlayır, ölkədə mühüm dini və siyasi tədbirlər gündəmdədir. Bu baxımdan, Tehranın prosesə ehtiyatla yanaşacağını və danışıqların uzanmasına çalışacağını düşünürəm.

Tofiq Abbasov
İran prosesin ABŞ-ın müəyyən etdiyi çərçivədə deyil, öz maraqlarına uyğun şəkildə inkişaf etməsini istəyir. Son hərbi gərginliklər də göstərdi ki, tərəflər arasında etimad səviyyəsi hələ də aşağıdır. Qarşılıqlı zərbələr və sərt bəyanatlar danışıqlar prosesinə əlavə risklər yaradır.
Digər mühüm məsələ ABŞ daxilindəki siyasi vəziyyətdir. Konqres Donald Trampın bütün addımlarını dəstəkləmir və bu da Ağ Evin manevr imkanlarına təsir göstərir. Eyni zamanda qarşıdan ABŞ üçün simvolik əhəmiyyət daşıyan mühüm tarixlər gəlir. Belə bir şəraitdə Vaşinqtonun diplomatik xəttinin nə dərəcədə çevik olacağını söyləmək çətindir.
Hesab edirəm ki, prosesin gələcək taleyi böyük ölçüdə vasitəçilərin peşəkarlığından və tərəflərin kompromisə nə qədər hazır olmasından asılı olacaq. İran isə özünü danışıqlarda zəif tərəf kimi görmür və bu mövqedən çıxış etməyə davam edir”.
Turan Rzayev
Globalinfo.az