Baki 2

Xəbər verdiyimiz kimi, iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində İranABŞ danışıqları baş tutub. Bu çərçivədə İran, ABŞ, Qətər və Pakistan nümayəndə heyətləri arasında görüşlər keçirilib. Bildirilib ki, texniki komandalar iyunun 22-də işlərini davam etdirəcəklər. Digər tərəfdən, yerli və xarici mediada İran-ABŞ danışıqlarının gərgin keçdiyi və yarımçıq qaldığı haqda fikirlər səsləndirilməyə başlayıb.

Bu proses Azərbaycana, Cənubi Qafqaz regionuna nə kimi təhdid törədə bilər?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, İran və ABŞ arasında münasibətin normallaşması, sülh sazişinin imzalanması və sair istiqamətində əməkdaşlığın inkişafı təkcə Yaxın Şərq deyil, eyni zamanda Cənubi Qafqaz üçün də əhəmiyyətlidir:

İran və ABŞ arasında münasibətlərin normallaşması Vaşinqtonun Cənubi Qafqazdakı planlarının həyata keçməsini asanlaşdıra bilər. Bu, İranın Zəngəzur dəhlizi ilə bağlı maneələrinin azalmasına və gələcəkdə bu yoldan özünün də faydalanmasına şərait yarada bilər. Eyni zamanda, Cənubi Qafqaz ölkələri ilə İran arasında iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə də kömək etməsi mümkündür. Sanksiyaların ləğvi baş verdiyi təqdirdə region ölkələri ilə Tehran arasında ticarət münasibətlərində mövcud məhdudiyyətlər də aradan qalxmış olacaq. Bu, xüsusilə Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, Güney Azərbaycan türklərinə yönələn təzyiqlər və onlara qarşı əsassız hücumların zəifləməsi ehtimalı yarana bilər.

Həmin insanların milli haqlarının təmin olunması istiqamətində də müəyyən yumşalma istina deyil. İranda perspektivdə siyasi və milli azadlıqların təmin olunması da buna daxildir. Əgər ABŞ ilə İran arasında normallaşma prosesi başlayırsa, ehtimal ki, rəsmi Tehranda bütün istiqamətlərdə islahatlar başlayacaq. Bu islahatlar həm də ölkədəki milli-mədəni sahələri əhatə edə bilər. Bu baxımdan ABŞ-İran arasında başlamış proses perspektivdə ikitərəfli danışıqlar və iki ölkə münasibətlərinin dərinləşib genişlənməsi üçün bir yolun açılmasıdır”.

Sedreddin soltan

Sədrəddin Soltan

S.Soltan bildirib ki,  İranın xarici işlər naziri Abbas Əraqçi danışıqların davam edəcəyini bəyan etməklə yanaşı, həm də Livanda “Hizbullah”a dair danışıqlarla bağlı irəliləyişin olduğunu vurğulayıb:

“Yeri gəlmişkən qeyd edim ki, Livanla bağlı İran, ABŞ, İsrail, Pakistan, Qətər və Livanın iştirakı ilə işçi qrupu yaradılacaq və onlar bu məsələnin həlli istiqamətində fəaliyyətlərini dərinləşdirəcəklər. Danışıqların gərgin keçməsi təbiidir. Çünki fevralın 28-dən aprelin 8-ə qədər davam edən müharibədən sonra İran və ABŞ arasında ciddi təmas olmayıb. Son müharibədə Tehran hakimiyyəti çox böyük itkilər verib. Xüsusilə də İranın Ali rəhbəri Seyid Əli Xameneinin öldürülməsi ciddi məsələdir. Bu baxımdan danışıqların gərgin keçməsində bu kimi emosional hallar prosesə təsirsiz ötüşmür. Lakin tərəflər Qətər və Pakistanın iştirakı ilə gələcəkdə danışıqları davam etdirəcəklər. Beləliklə, ABŞ ilə İran arasında danışıqların davam etməsinə mane olan amillər aradan qalxır: Hörmüz boğazı, İranın nüvə proqramı, “Hizbullah” məsələsi və sair. Bunların həll olunması yaxın perspektivdə ikitərəfli, birbaşa danışıqların reallaşmasını mümkün edir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: