Dünyanın müxtəlif ölkələrindən olan 60-dan çox iqtisadçı arasında keçirilən sorğunun nəticələrinə görə, 2024-cü il qlobal iqtisadiyyat üçün təhlükəli ola bilər. Belə ki, qlobal iqtisadiyyat geosiyasi gərginlik, yüksək faiz dərəcələri və süni intellekt təhlükəsi fonunda risklə üzləşə bilər. Sorğuda iştirak edənlərin təxminən 56 faizi 2024-cü ildə qlobal iqtisadi vəziyyətin daha da pisləşəcəyini deyiblər.
Ekspertlər regionlar arasında əhəmiyyətli fərqlərin olacağını proqnozlaşdırır. Belə ki, sorğu iştirakçılarının əksəriyyəti Çin və ABŞ iqtisadiyyatında artım gözləyir, Avropada isə çox zəif artım…
Maraqlıdır, qeyd edilən iqtisadi böhranın Azərbaycana təsiri necə olacaq? Hökumət nə planlayır? Qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatını çökdürə bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat, iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, son zamanlar qlobal iqtisadiyyatda risklərin artığının şahidi oluruq:
“Belə qlobal risklər hər zaman aktualdır, lakin daha çox iri iqtisadiyyata malik ölkələrə təsir edir. Sözsüz, 2024-cü ildə Azərbaycan iqtisadiyyatında da qlobal iqtisadi dəyişim, habelə risk faktorları nəzərə alınacaq. Hesab edirəm, bu risklərin bizə təsiri o qədər də çox olmayacaq.
Vüqar Bayramov
Azərbaycana 2024-cü ildə daha çox enerji resurslarının qiymətində baş verəcək dəyişikliklər təsir edə bilər. Yəni neft və qazın dünya bazarındakı qiyməti kəskin enməyəcəyi təqdirdə narahat olmağa dəyməz. Neft və qazın mövcud qiymətinin qorunub saxlanılması təsirləri minimuma endirəcək”.
Turan Rzayev
Globalinfo.az