İqtisadçıdan ƏDV ilə bağlı mühüm TƏKLİF

“Azərbaycan Prezidentinin ölkədə inflyasiyanın yüksək olması ilə bağlı dedikləri həqiqətdir. Doğrudan da bu il 2016-cı ildən bəri ən yüksək inflyasiya rəqəmlərinin şahidi oluruq”. 

Bu sözləri Globalinfo.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində “hələ idxaldan asılıyıq, yüksək inflyasiya Azərbaycana idxal edilib. İdxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur” sözlərini şərh edərkən deyib.

N.Cəfərli bildirib ki, ölkəmiz qeyri-ərzaq məhsullarından daha çox asılıdır:

“Prezident ölkədəki inflyasiyanın daha çox idxal inflyasiyası olduğunu, xaricdəki qiymət artımlarının Azərbaycana təsirlərinin güclü olduğunu dedi. Bəli, bu, belədir. Xaricdəki qiymət artımı ölkəyə təsir edir və bu, bizdən asılı deyil.

Ölkə ərzaq məhsullarında 75%-ə yaxın, dərman və tibbi ləvazimatlarda 95%-ə yaxın, qeyri-ərzaq, sənaye mallarının bir çox növlərində isə 100% idxaldan asılıdır”.

Ekspert ərzaq məhsullarında ƏDV-ni 18%-dən 2%-ə salmağı, dərmanlarda isə ƏDV-nin tamamilə ləğvini təklif edib:

“Ölkədə ƏDV, vergi növləri, gömrük rüsumlarında güzəşt tətbiq  etmək lazımdır. Ərzaq məhsullarında ƏDV-ni 18%-dən 2%-ə endirmək, dərmanlarda isə ləğv etmək lazımdır. Çünki ölkə əhalisi gəlirlərinin 55%-i ərzağa, 4%-ə yaxınını isə dərman və tibbi xidmətlərə sərf edir”.

Turan Rzayev
Globalinfo.az