İqtidarın daxilindən çıxan Həsən Sabbah kimdir? – Sirlər açılır

Azərbaycanı tərk edərək Avropanın müxtəlif ölkələrində məskunlaşan bir qaragüruh var. Bu şəxslər öz fəaliyyətlərini “demokratiya və insan haqlarının təmin olunması” tezisi ilə tanıdır, əslində isə məqsədləri Azərbaycanda vətəndaş cəmiyyətini zədələmək, əxlaq modelini dağıtmaq və iqtidarın hərbi-siyasi-iqtisadi uğurlarını gözdən salmağa çalışmaqdır.

Onlar müxtəlif platformalarda yaratdıqları onlayn TV-lərdə qeyri-etik norma, üslub və leksikonla ölkədə hansısa kəsimi öz tərəfinə çəkməyə çalışırlar. Təsadüfi deyil ki, bu “fəaliyyətləri” ilə “söyüş müxalifəti” statusunu qazanıblar.

Avropada oturub sosial şəbəkələrdə ağızlarına gələnləri ictimai rəyə sırıyan, bununla guya hakimiyyətə qarşı siyasi mübarizə apardıqlarını iddia edən “söyüş müxalifəti”nin əsas nümayəndələrindən biri Tural Sadıqlıdır.

Əfqan Muxtarlının bilərəkdən və ya bilməyərəkdən Tural Sadıqlını, ümumilikdə söyüş müxalifətini ifşa etməsi diqqət çəkir. Bu iki şəxsin qarşılıqlı ittihamlarından bəlli olur ki, söyüş müxalifəti “demokratiya”, “insan haqları” kimi məsələlərin arxasına sığınaraq, şantaj yolu ilə pul qazanır və bir çox hallarda hakimiyyət daxilində hansısa oliqarx məmurun sifarişlərini yerinə yetirir.

Bu şəxslərin şantaj yolu ilə pul qazanması təəccüblü deyil. Çünki bu, pulun haradan, kimdən gəldiyinə baxmadan buyuruq alan belə şəxslər üçün adi haldır. Tural Sadıqlı və AXCP sədri Əli Kərimliyə bağlı qrupun müxtəlif illərdə, xüsusən söyüş müxalifətinin ən “parlaq” dövründə həm xaricdəki anti-Azərbaycan qüvvələrə, həm də ölkə daxilindəki müəyyən qruplara işlədiyinə dair fikirlər var idi. Diqqətçəkən məqam onların hansısa oliqarx məmurun sifarişlərini yerinə yetirməsidir.

İndi əsas sual budur: iqtidarın daxilindən çıxan və xaricdəki söyüş müxalifətinə maliyyə ayıran kim və ya kimlərdir? Tural Sadıqlılar kimə müridlik edir? Ortada müridlər varsa, demək, onlara tapşırıq verən bir Həsən Sabbah da var. Necə ki Həsən Sabbah Səlcuqlu dövlətinin çörəyi ilə yetişib, ona qarşı çıxaraq terror başlatdı, bu gün Əfqan Muxtarlı, Tural Sadıqlının eyham vurduğu həmin məmur da Azərbaycanın çörəyini yeyib ona qarşı çıxır, söyüş terroru törədir. Onlar hakimiyyətin məmurları haqqında məlumatları müridlərinə – Tural Sadıqlı kimilərə ötürür.

Vaxtilə bəzi məmurlar mətbuatın imkanlarından istifadə edərək kompromatlar yayırdılar. Artıq dövlət bunun qarşısını aldığı üçün həmin məmurlar xaricdə məskunlaşmış söyüş müxalifətinin vasitəsilə “təhqir maşınlarını” hərəkətə keçiriblər.

Ehtimal edilir ki, sözügedən məmur yüksək səlahiyyətlərə malikdir. Əks təqdirdə söyüş müxalifətini maliyyələşdirə, hansısa informasiyalar ötürə bilməzdi. Məmurlar haqqında sifarişli materiallar verməklə hakimiyyətin əsaslarını laxlatmağa cəhd edən bu şəxs(lər) təkcə hakimiyyət üçün yox, dövlət üçün də təhlükə yaradır. Özü də dünyanın yenidən bölüşdürüldüyü, regionun xəritəsinin cızıldığı və Azərbaycanın öz tarixinin ən parlaq, möhtəşəm günlərini yaşadığı bir məqamda.

Hər halda cavabsız suallar çoxdur, lakin təcrübə göstərir ki, bu məmur kimliyini uzun müddət gizlədə bilməyəcək. İstisna deyil ki, Muxtarlı ilə Sadıqlının qarşıdurmasında ortaya çıxan nüanslar yaxın zamanda həmin məmurların da ifşasına səbəb olacaq.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı