“İqtidar-müxalifət fərqi qoymadan FETO üzvü olanlar məsuliyyətə cəlb edilməlidirlər”

İqtisadçı professor, ADR sədri Qubad İbadoğlunun həbsi ətrafında müzakirələr davam edir. Bəzi müxalifət liderləri iddia edir ki, Q.İbadoğlunu FETÖ ilə əlaqədə günahlandırılıb həbs etməkdənsə dövlətin içində olan FETÖ-çuları həbs etmək daha vacibdir. Hazırda bu fikir sosial şəbəkələrin Azərbaycan seqmentində geniş şəkildə tirajlanır. Hətta müxtəlif dövlət qurumlarının FETÖ ilə əlaqədə adları çəkilir.

Maraqlıdır, bu ittihamlar nə dərəcədə əsaslı və ciddidir?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Fazil Mustafa deyib ki, bu kimi iddiaların müxtəlif platformalarda səslənməsi normaldır:

“FETO ilə əlaqəli şəxslərin istər iqtidarda, istərsə də müxalifətdə olmasının heç bir fərqi yoxdur. Mahiyyət etibarilə bu, dövlətin ümumi təhlükəsizliyinə təhdid yaradan məsələdir. Ona görə də bütün dövlət orqanlarında iqtidar-müxalifət və ya vəzifə fərqi qoymadan FETO, “Hizbullah”, PKK üzvü olan şəxslər aşkarlanmalı, daha sonra da məsuliyyətə cəlb edilməlidir. Çünki burada bir terror təşkilatından yox, bir neçə təşkilatdan söhbət gedir.

Hesab edirəm, bütövlükdə kiminsə iddiası varsa ki, hansısa dövlət orqanının əməkdaşı, ya da rəhbər şəxsi FETO ilə əməkdaşlıq edir, buyurub, təhlükəsizlik qüvvələrinə məlumat verməlidir”.

Turan Rzayev
Globalinfo.az