“İdrak” liseyində müəllimi güllələyən şagirdin mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, məhz bunun təsiri altında hadisəni törətdiyi iddia edilir. Məhz bu məsələdən sonra internet oyunlarının, ümumilikdə sosial şəbəkə platformalarının təhlükəsi vurğulanır, yeniyetmə və gənclərlə bağlı sos siqnalı verilir.
Gəncləri, gəncliyi necə xilas etməli? Atışma oyunları uşaqların, yeniyetmələrin psixikasına necə təsir edir?
Globalinfo.az-a danışan uşaq və yeniyetmə psixologiyası üzrə mütəxəssis Nərmin Ağayeva deyib ki, bu məsələ emosional deyil, elmi yanaşma ilə dəyərləndirilməlidir:
“Elmi tədqiqatlar göstərir ki, zorakı, atışma tipli oyunlar uzunmüddətli və nəzarətsiz istifadə olunduqda uşaqlarla yeniyetmələrdə aqressiv düşüncə sxemlərini aktivləşdirə, empatiya səviyyəsini azalda, təhlükəyə qarşı həssaslığı zəiflədə bilər. Xüsusilə frontal payı hələ tam inkişaf etməmiş yeniyetmələrdə impuls nəzarəti zəifləyir, “oyun-reallıq” sərhədi qarışa bilir. Bu oyunlar beyin mükafat sistemini, yəni dopamini süni şəkildə stimullaşdırdığı üçün asılılıq riski də yaradır. Ancaq oyun təkbaşına səbəb deyil. Riskli nəticələr adətən emosional boşluq, valideyn nəzarətinin zəifliyi, sosial təcrid, zorakılığa məruz qalma və psixoloji problemlərlə birləşəndə ortaya çıxır”.
Nərmin Ağayeva
Psixoloq bildirib ki, gəncləri qorumağın yolu qadağadan yox, psixoloji profilaktikadan keçir:
“Valideynlər və təhsil müəssisələri rəqəmsal istifadəni yaşa uyğun, ardıcıl nəzarətlə aparmalıdırlar. Eyni zamanda uşağın emosional ehtiyaclarını real münasibətlərlə ödəmək lazımdır. Həmçinin aqressiyanı boşaldan sağlam alternativlər – idman, yaradıcılıq, sosial fəaliyyət yaradılmalıdır. Paralel olaraq, məktəblərdə psixoloji xidmət gücləndirilməli və risk davranışları erkən mərhələdə müəyyən edilməlidir. Gəncliyi xilas etmək üçün əsas sual “nəyi qadağan edək?” yox, “niyə uşaq virtual zorakılığa sığınır?” sualı olmalıdır. Psixologiyanın buna cavabı isə dəyişməzdir: əlaqə, nəzarət və emosional təhlükəsizlik”.
Qeyd edək ki, Milli Məclisin fevralın 10-da keçirilən iclasında deputat Ceyhun Məmmədov da Azərbaycanda bir sıra internet oyunlarına qadağa qoyulmasını təklif edib.
Ləman İmran
Globalinfo.az