
Dünya Çempionatının 1/8 final mərhələsində keçiriləcək Meksika–İngiltərə oyunu öncəsi maraqlı hadisə yaşanıb. Meksika azarkeşləri İngiltərə millisinin yerləşdiyi hotelin qarşısına toplaşaraq gecə boyu səs-küylü aksiya keçiriblər.
Globalinfo.az xəbər verir ki, məlumata görə, yüzlərlə fanat gecə saat 02:00 radələrində hotelin qarşısında barabanlar çalıb, fişənglər yandırıb, mahnılar oxuyub və müxtəlif şüarlar səsləndirib. Yerli medianın yazdığına əsasən, əsas məqsəd rəqib komandanın istirahətinə mane olmaq və futbolçular üzərində psixoloji təzyiq yaratmaq olub.
Hadisə polis nəzarəti altında baş versə də, səs-küyün uzun müddət davam etməsi sosial şəbəkələrdə geniş müzakirə edilib.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuçel də komandanın yalnız azarkeş təzyiqi ilə deyil, Mexiko şəhərinin yüksək hündürlüyü ilə də mübarizə apardığını bildirib. O qeyd edib ki, bəzi futbolçular yuxu problemləri və yüngül baş ağrıları yaşayır, heyət isə 2240 metr yüksəklikdəki şəraitə uyğunlaşmağa çalışır.
Tuçelin sözlərinə görə, qarşılaşmanın ilk 15-20 dəqiqəsi komanda üçün ən çətin mərhələ hesab olunur və həmin hissəni itkisiz keçmək oyunun nəticəsinə ciddi təsir göstərə bilər.
Meksika və İngiltərə arasında oyun Mexiko şəhərində yerləşən məşhur “Azteka” stadionunda keçiriləcək. Meksika millisinin bu arenadakı uğurlu statistikası da diqqət çəkir: komanda 1966-cı ildən bəri burada keçirdiyi 89 rəsmi matçın 70-də qalib gəlib və cəmi iki dəfə məğlub olub.