İmamoğlunun həbsi ilə bağlı sensasion iddia – Əsl səbəb budur?

İstanbul Böyük Şəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlu haqqında Türkiyə məhkəməsinin çıxardığı qərardan sonra ölkənin daxili siyasətində gərginlik artıb.

Globalinfo.az xəbər verir ki, xüsusilə İmamoğlunun qərardan sonra mitinq təşkil etməsi və hakimiyyətin ünvanına bir sıra ittihamlar irəli sürməsi, merin dəstəkçilərinin də sayını artırıb. Digər tərəfdən İmamoğlunun üzv olduğu Cümhuriyyət Xalq Partiyası, eləcə də İYİ Partiyanın rəhbəri Meral Akşenerin dəstəyi də merin barəsindəki məhkəmə qərarı ilə bağlı məsələni bir qədər də qəlizləşdirib.

Türkiyənin keçmiş prezidenti Abdulla Gül məhkəmənin qərarını tənqid edərək, bunu ədalətsizlik adlandırıb.

Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu isə İmamoğlunun həbsinin milli iradəyə zərbə olduğunu bildirib.

ABŞ və Almaniya da baş verənlərə reaksiya göstəriblər. Hər iki qərb ölkəsi baş verənləri “ədalətsiz qərar” adlandıraraq, Türkiyədən təcili addımlar atmasını tələb ediblər. Ən maraqlı məqam isə baş verənlərin fonunda Ankaranın Qərbdəki əleyhdarı olan qrupların aktivləşməsidir. Xüsusilə erməni və yunan lobbilərinin nümayəndələri Türkiyəyə qarşı açıq təbliğat kampaniyalarına başlayıblar. Belə ki, kəskin antitürk baxışlara sahib olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendes Türkiyəni avtokratiya yolunda irəliləməkdə ittiham edib.

İmamoğlu ilə bağlı ittihamlar fonunda Türkiyə hakimiyyətindən ilk reaksiya ədliyyə naziri Bəkir Bozdağdan gəlib. B.Bozdağ hakimlərin fəaliyyətlərində müstəqil olduğunu, konstitusiya, qanun və hüquqa uyğun qərarlar verdiklərini bildirib:

“Bu yekun qərar deyil. Bu qərardan şikayət yolu açıqdır. Hələ ki proses davam edir”.

Bununla belə, Əkrəm İmamoğlu haqqında qərarın onun həbsinə gətirib çıxaracağı ehtimalı az görünür. Ekspertlərin fikrincə, məhz bu qərar İmamoğlunun reytinqinin artırılmasına və CHP-nin gələcək seçki ilə bağlı qərarını manipulyasiya etməyə yönəlib. Hakimiyyətin bunun sayəsində hakim Ədalət və İnkişaf Partiyasına problemlər yaradacaq və ondan daha çox seçici qoparmaq imkanına sahib olacaq Ankara meri Mənsur Yavaşı neytrallaşdırmağı hədəflədiyi güman olunur.

Qeyd edək ki, Əkrəm İmamoğlu dünən İstanbul məhkəməsi tərəfindən MSK nümayəndələrini təhqir etdiyinə görə 2,7 il həbs cəzasına məhkum edilib. Onun həmçinin 5 il siyasətlə məşğul olması qadağan olunub.

Turan Rzayev
Globalinfo.az