iqbal memmedov

Sentyabrın 11-də İlqar Məmmədov REAL Partiyasının sədri vəzifəsindən istefa verib. O, MSK-ya təqdim etdiyi əsas arqumentlərin və sübutların kənara atılaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətini rədd etdiyini bildirib.

Ötən həftə Xalq Partiyasının sədri Pənah Hüseyn seçkilərin nəticələrindən narazı qaldığı üçün AXP sədrliyindən gedəcəyini bildirmişdi. Həmçinin partiyanın da buraxılması ilə bağlı tövsiyə edib.

Bu istefalar, bəyanatlar Azərbaycan siyasətini yenidən dizayn edə, vitrini dəyişə bilərmi? Yeni mərhələmi başlayır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan REAL Partiyasının katibi Natiq Cəfərli deyib ki, REAL Partiyasından istefa verən İlqar Məmmədov Seçki Komitəsində fəaliyyətini davam etdirəcək:

“Yaxın günlərdə ümumi iclas keçiriləcək və yekun qərara əsasən REAL Partiyasının yeni sədri seçiləcək”.

natiq ceferli real

Natiq Cəfərli

Politoloq Oqtay Qasımov isə qeyd edib ki, İlqar Məmmədovun istefası Azərbaycan siyasətində az-az rast gəlinən hadisələrdəndir:

“Seçkilərin nəticəsinə etiraz əlaməti olaraq Pənah Hüseyn də bənzər açıqlama vermişdi. Bu istefalar partiyanın ali qurumu tərəfindən qəbul edildikdən sonra gerçəkləşir. İlqar Məmmədovun istefasının Azərbaycan siyasətində əsaslı dəyişikliklərə səbəb olacağını düşünmürəm. Köklü ənənələrin dəyişməsi üçün zamana ehtiyac var.

oqtay qasimov 5

Oqtay Qasımov

Partiyaların daxilində demokratik prinsiplərə hər zaman əməl olunmadığından bu istefanın digər partiyalara sirayət edəcəyini və analoji addımlar atılacağını gözləmirəm.

İlqar Məmmədovun istefası Azərbaycan siyasətini yenidən dizayn etməyəcək. Sadəcə təmsil etdiyi partiyada hər hansı yeniliklər baş verə bilər”.

***

Globalinfo.az bildirir ki, Milli Məclisə son seçkilərə xeyli sayda partiya qoşulmuşdu. Parlamentdə deputat yeri olan ənənəvi partiyalardan başqa iki partiya – BAP və AMİP MM-ə düşə bildi. Hər iki partiyanın sədrləri deputat mandatı əldə etdi. Yerdə qalan partiyalara isə bu imkan tanınmadı.

Görünür, dövlət siyasi partiyalarla bağlı yeni siyasət həyata keçirir. Onların daxili siyasətdəki rollarını azaltmaq xəttinin tutulduğu açıq görünür. Müxalifət siyasətçilərinin, partiya rəhbərlərinin təsir imkanlarını sıfırlamaq və beləcə, onları prosesdən çəkindirmək…

Hakimiyyətin klassik müxalifətlə bağlı bəzi qərarlar verdiyi haqda çox deyilir, yazılır. Bəlkə də onları bəsləmək, saxlamaq, himayə etmək artıq iş sayılır. Həbsə atmır, təqib etmir, əvəzində fəaliyyət meydanları daraldılır ki, bezib, usanıb, siyasətdən uzaqlaşsınlar. Yəqin bundan sonrakı mərhələdə yeni müxalifət konsepsiyası tətbiq ediləcək…

Ola bilsin ki, İlqar Məmmədov bu plan haqda ya eşidib, ya da məntiqlə bunu hesablayıb. Ona görə də daha çevik tərpənib, istefa verib. Başqa partiya sədrləri də bu yolu tutacaqmı? Növbəti yazıda bu suala cavab tapmağa çalışacağıq.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: