İlkin Süleymanovun vəkili danışdı

Xəbər verdiyimiz kimi, Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.

İ.Süleymanovun vəkili Zabil Qəhrəmanov əvvəlki iclasda məhkəmənin istintaqla aparılması, əlavə şahidlərin dindirilməsi və sair vəsatətlər qaldırsa da, məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Globalinfo.az-a danışan vəkil Z.Qəhrəmanov deyib ki, vəsatətlərin təmin edilməməsinə dair qərarlar onlara verilməyib.

“Hansı səbəbdən vəsatətləri qəbul etməyiblər, onu bilmirik. Biz meyitin yandırılma səbəbini soruşduqda, deyirlər, izi itirmək üçün edib. Sual yaranır: hansı izi? İlkinin bacara bilmədiyi bir işi necə onun üzərinə ata bilərlər?! Gərək nəsə etsin ki, izi itirmək üçün qızı yandırısın. Axı bu adam onu edə bilməz! Növbəti məhkəməni gözləyirik. Apellyasiya Məhkəməsi İlkin haqda ədalətli qərar qəbul etməsə, Ali Məhkəməyə müraciət edəcəyik. Yox, əgər orada da iş olduğu kimi qalarsa, o zaman mütləq Avropa Məhkəməsinə müraciət ediləcək”.

Zabil Qəhrəmanov növbəti Apellyasiya Məhkəməsinin nə zaman keçiriləcəyinin məlum olmadığını bildirib.

Zaira Akifqızı
Globalinfo.az